Dünyada təyyarə ilə sərnişin daşınması artıb

Dünyada təyyarə ilə sərnişin daşınması artıb
# 10 sentyabr 2022 06:46 (UTC +04:00)

İyul ayında dünya üzrə təyyarə ilə sərnişin daşımaları 2019-cu ilin müvafiq dövrünün dörddə üçü səviyyəsində olub.

APA xəbər verir ki, bu məlumat Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA-nın son statistikasında yer alır. Başqa sözlə, təyyarə ilə sərnişindaşımalar Covid-19 pandemiyasından əvvəlkinin 75%-i həddindədir.

Sərnişin sayının artması başlıca olaraq yay turizm mövsümü ilə əlaqədardır. Xırda istisnalar xaricində dünyanın əsas turizm destinasiyaları əcnəbi turistlər üçün açıq olub. Bu da aertoportların tam gücü ilə işləməsini şərtləndirib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının rəhbəri Villi Valşın fikrincə son aylarda aviadaşımalarda ciddi intensivlik müşahidə olunur. Bəzi ölkələr pandemiyadan əvvəlki göstəriciyə yaxınlaşıb.

Hesabat dövründə daxili uçuşlarda artım daha böyük rəqəmlə ifadə edilib. Dünya üzrə daxili reyslər 2019-cu ilin iyulundakı səviyyənin 81%-nə bərabər olub. Bu da ilk növbədə Çində daxili uşuçlara məhdudiyyətlərin ləğv edilməsi ilə bağlıdır.

Təyyarə şirkətləri yaxın perspektivlə bağlı da optimist düşünür. Payız mövsümü yaxınlaşsa da, əksər ölkələr sərt karantin tətbiqini planlaşdırmır. Bu da son nəticədə əhalinin xaricə səfərlərə marağını artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR