Moldova MDB ilə 2 sazişi denonsasiya edəcək

Moldova MDB ilə 2 sazişi denonsasiya edəcək
# 07 iyun 2023 09:46 (UTC +04:00)

Moldova Müstəqil Dövlətlər Birliyi (MDB) ilə 2 sazişi denonsasiya edəcək.

APA xəbər verir ki, bu barədə ölkə parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, parlamentin Xarici siyasət və Avropaya inteqrasiya komissiyasının üzvləri iclas zamanı MDB çərçivəsində bağlanmış 2 sazişin denonsasiyası ilə bağlı ilkin məsləhətləşmədə təklifi dəstəkləyiblər.

Sazişlərdən biri 1993-cü ilin 22 yanvar tarixində Minskdə imzalanıb, təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıqla bağlıdır.

Digəri isə MBD-yə üzv dövlətlər arasında strateji silahlı qüvvələr haqqında 30 dekabr 1991-ci il tarixli sazişdir.

Xatırladaq ki, bir müddət əvvəl Moldova parlamentinin sədri İqor Qrosu hökumətə MDB Parlamentlərarası Assambleyası haqqında sazişdən çıxmaq proseduruna başlamaq barədə müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR