NATO iyunda Ukraynaya qırıcı təyyarələrin tədarükünü müzakirə edəcək

Yens Stoltenberq

© APA | Yens Stoltenberq

# 18 may 2023 17:05 (UTC +04:00)

NATO müdafiə nazirlərinin iyunda keçiriləcək görüşündə Kiyevə Qərb qırıcı təyyarələrinin tədarükü müzakirə olunacaq.

APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

Stoltenberq eyni zamanda qeyd edib ki, qırıcılara texniki xidmətin göstərilməsi heç də onların tədarükündən az əhəmiyyətli deyil:

“Buraya xeyli sayda sursat və ehtiyat hissələri, həmçinin 24 saat texniki xidmət daxildir. Polşa və Slovakiya kimi bəzi ölkələr köhnə sovet istehsalı olan MiQ-29-lar olsa da, artıq Ukraynaya döyüş təyyarələri tədarük edib”, - NATO rəhbəri deyib.

Münaqişə dayandırıldığı təqdirdə Qərbin Kiyevə yardımının azalıb-azalmayacağı ilə bağlı sualı cavablandıran Stoltenberq əmin edib ki, alyans lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək və xatırladıb ki, NATO müttəfiq ölkələri Kiyevi misli görünməmiş miqyasda dəstəkləyir:

“Bu ölkələr Ukraynanı döyüş tankları, piyada döyüş maşınları, qabaqcıl artilleriya və zenit-raket sistemləri ilə təchiz edirlər. Almaniya burada əsas rol oynayır, “Leopard 2” tanklarını, “IRIS-T” və “Patriot” kimi zenit sistemlərini tədarük edir”.

Xatırladaq ki, İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Avropa Şurasının sammiti çərçivəsində Böyük Britaniya Ukraynanın müttəfiqlərdən F-16 qırıcı təyyarələri almasına kömək etmək üçün Hollandiya ilə beynəlxalq koalisiya qurmaq üzərində işlədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR