Ukrayna iki il əvvəl vurulan sərnişin təyyarəsinə görə İrandan təzminat tələb edəcək

Ukrayna iki il əvvəl vurulan sərnişin təyyarəsinə görə İrandan təzminat tələb edəcək
# 08 yanvar 2022 16:34 (UTC +04:00)

Ukrayna Prokurorluğu 2020-ci il yanvarın 8-də İranda qəzaya uğrayan Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus Boeing 737-800 təyyarəsinin həlak olan sərnişinlərinin yaxınlarına hər cür yardım göstərəcək.

APA-nın "Ukrinform"a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna baş prokurorunun müavini Maksim Yakubovski faciənin ikinci ildönümü ilə bağlı anım mərasimində deyib:

"Ukrayna bu məsələdə qeyri-adi heç nə tələb etmir. Biz sadəcə, iki şey tələb edirik: həqiqət və ədalət. İki il əvvəl bu gün baş verənlər haqqında həqiqət. Günahkarları cəzalandırmaq və qurbanlara dəymiş ziyanı ödəmək üçün ədalət. Siz bizim köməyimizə arxalana bilərsiniz. Biz ədalətə və həlak olanların yaxınlarına təzminat ödənilməsinə nail olmalıyıq. Təəssüf ki, indi həqiqəti və ədaləti əldə etmək arzusunu bildirməyən yeganə tərəf bu cinayəti törədən tərəfdir. Biz birlikdə haqqa, ədalətə nail olacağıq. Bu məsələdə bütün müvafiq qurumların, həlak olan şəxslərin ailələrinin, aviaşirkətin, dövlətin birlikdə bu yolu getməsi çox yaxşıdır. Bu, vacibdir".

Daha əvvəl baş prokurorun müavini təyyarə qəzası ilə bağlı cinayət işində iki il ərzində müxtəlif ölkələrə 26 beynəlxalq sorğunun göndərildiyini bildirib.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yolları şirkətinə aid təyyarə Tehran hava limanından Kiyevə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb. Qəzada ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran təyyarəni düşmən hədəfi zənn edərək səhvən vurulduğunu açıqlayıb.

2021-ci ilin iyununda İran Ali Məhkəməsinin sözçüsü bildirib ki, Tehran həlak olanların ailələrinə 150 ​​min dollar məbləğində tam təzminat ödəməyi planlaşdırır. O, həmçinin hadisəni törətməkdə şübhəli bilinən şəxslərin məhkəməsinin İranda keçiriləcəyini deyib.

2021-ci il dekabrın ortalarında Böyük Britaniya, Kanada, Ukrayna və İsveç İran hakimiyyətini təzminatın ödənilməsi ilə bağlı danışıqlara başlamağa çağırıb, əks halda beynəlxalq sanksiyalarla hədələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR