NATO baş katibi: «Patriot» raketləri Türkiyənin havadan müdafiə imkanlarını artıracaq

NATO baş katibi: «Patriot» raketləri Türkiyənin havadan müdafiə imkanlarını artıracaq
# 21 noyabr 2012 16:33 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Türkiyə ərazisində «Patriot» raketlərinin yerləşdirilməsi Türkiyənin havadan müdafiə imkanlarını artırmış olacaq. APA-nın məlumatına görə, bu barədə NATO-nun baş katibi Andres Foqh Rasmussenin bəyanatında bildirilib.

NATO-nun baş katibinin mediaya göndərilən bəyanatında qeyd olunub ki, o, Türkiyə hökumətindən ölkə ərazisində «Patriot» raketlərinin yerləşdirilməsi tələbinin əks olunduğu məktub alıb: «Belə bir addım Türkiyə əhalisinin və ərazisinin müdafiəsi, eləcə də NATO-nun cənub-şərq sərhəd boyunca böhranın qarşısının alınmasına töhfə olardı».


Baş katib qeyd edib ki, Türkiyə hökuməti öz məktubunda raketlərin yerləşdirilməsinin yalnız müdafiə məqsədi daşıyacağını bildirib.

«NATO dərhal Türkiyənin tələbini müzakirə edəcək. Təsdiq olunarsa, NATO-nun havadan müdafiə planına uyğun olaraq raketlərin yerləşdirilməsi həyata keçirilə bilər. Alyansın təhlükəsizliyi bölünməzdir. NATO Türkiyənin ərazi bütövlüyünü müdafiə edir», - deyə baş katib vurğulayıb.

A.F.Rasmussen həmçinin bildirib ki, gələn həftə NATO-nun birgə komandası «Patriot» raketlərinin mümkün yerləşdirilməsi məqsədilə müzakirələr aparmaq üçün Türkiyəyə səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR