Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunlarının görüşü keçirilib
# 24 iyul 2018 09:24 (UTC +04:00)

Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunlarının buraxılışlarının 30 illiyi münasibətilə görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə məktəbi bitirmiş müxtəlif ölkələrin hərbi qulluqçuları və onların ailə üzvləri iştirak ediblər.

Qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbir iştirakçıları Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi orkestrin müşayiəti ilə təntənəli surətdə qarşılanıb. Məzunlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ərazisindəki hərbi tədris və yaşayış obyektlərinə, atəş və taktiki şəhərciklərə baxış keçirib. Bundan sonra tədbir iştirakçıları “Üçtəpə” təlim mərkəzinə səfər edib, burada yaradılmış xidməti şərait və maddi-texniki baza ilə tanış olublar.

İştirakçıları üçün verilmiş rəsmi ziyafətdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1988-ci il məzunu, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib. Məzunların görüşünə toplaşanları salamlayan Elçin Quliyev məzun olmalarının 30 illiyi münasibətilə kursant yoldaşlarını təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Sonra çıxış edənlər Bakıda hərbi məktəbdə təhsil aldıqları illərlə bağlı xatirələrini bölüşüblər. Xatirələr sırasında 1987-ci ildə SSRİ Müdafiə Nazirliyindən göndərilmiş xüsusi inspeksiya tərəfindən Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bağlanılması və kursantların başqa hərbi məktəblərə köçürülməsi barədə rəy verilməsi, bununla əlaqədar hərbi məktəbin şəxsi heyəti, o cümlədən də kursantları tərəfindən müxtəlif instansiyalar qarşısında etiraz səslərini ucaltmaq cəhdlərinin nəticəsiz qalması, respublikanın həmin dövrdəki rəhbərliyinin hərbi məktəbi qorumaq iqtidarında olmaması və yalnız o zaman SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olan Heydər Əliyevin bu məsələyə müdaxiləsi sayəsində həmin qərarın qarşısının alınması mühüm yer tutur. Bu hadisələri xatırlayan məzunlar Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin bitirərək ilk zabit hərbi rütbələrini ala bilmələrinə görə Heydər Əliyevə minnətdar olmalarını xüsusi vurğulayıb və onun uca xatirəsini böyük ehtiramla yad ediblər.

MDB üzv-ölkələrinin hərbi struktur qurumlarında uzun müddət xidmət edərək böyük hərbi təcrübə qazanmış, bir qismi artıq təqaüddə olan məzunlar Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir səviyyəsi və döyüş qabiliyyəti haqqında təəssüratları ilə bölüşüb, yüksək döyüş imkanlarına malik hərbi potensialın qısa müddət ərzində formalaşdırılmasında Azərbaycan prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd ediblər.

Tədbirdə məktəb məzunlarının xidmət yolundan bəhs edən qısametrajlı film nümayiş etdirilib, hər bir tədbir iştirakçısına “Buraxılışın 30 illiyi” xatirə medalı və qiymətli hədiyyələr təqdim olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR