Rusiya və Azərbaycan FHN əməkdaşları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir - FOTO

Rusiya və Azərbaycan FHN əməkdaşları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir - FOTO
# 07 yanvar 2021 13:36 (UTC +04:00)

Rusiya və Azərbaycanın Fövqəladə Hallar Nazirliklərinin (FHN) əməkdaşları işğaldan azad olunmuş Azərbaycan torpaqlarının mina və partlamamış hərbi sursatlardan təmizləməsi əməliyyatlarını davam etdirir.

APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, son iki gündə mina təmizləyən robot maşınlar vasitəsi ilə 30-dan çox tank əleyhinə mina aşkarlanaraq zərərsizləşdirib.

Azərbaycan FHN-in əməkdaşı Ramiz Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, Ağdamın işğaldan azad olan ərazilərində Rusiya FHN-in mütəxəssisləri təmizləmə əməliyyatlarına başlayıb: “Bu əməliyyatlara Azərbaycan FHN-in mütəxəssisləri də cəlb olunub. Paralel olaraq razılaşdırılmış və təsdiq olunmuş tədris və təlim proqramına uyğun olaraq rusiyalı mütəxəssislərlə birlikdə tədris və təlim kursları da həyata keçirilir”.

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində mina təmizləmə əməliyyatlarında iştirak edən “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin Rusiya FHN-in birləşmiş dəstəsinin yanvarın 4-də Azərbaycana gəldiyini xatırladıb.

Onun sözlərinə görə, Rusiya FHN-nin birləşmiş dəstəsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılığa əsasən, Azərbaycana təhvil verilmiş ərazidə humanitar mina təmizləmə əməliyyatları ilə bağlı tapşırığı icra edirlər.

A. Savvin həmçinin qeyd edib ki, bu günə 25 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib, iki min kvadrat metrdən çox ərazi minalardan təmizlənib.

Cəbhə xəbərləri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR