ATƏT: Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur

ATƏT: Kaspşikin hər hansı tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur
  • Clock-gray 19:42
  • calendar-gray 24 Oktyabr 2020

Oktyabrın 22-də APA İnformasiya Agentliyinin apa.az saytında hərbi ekspert Üzeyir Cəfərovun fikirləri əsasında “Hərbi ekspert: Kaspşik və səhra köməkçiləri bu illər ərzində Azərbaycanı aldadıblar, məsuliyyətə cəlb edilməlidirlər” başlıqlı məqalə dərc olunub. ATƏT məqalə ilə bağlı APA-ya məktub ünvanlayıb.

ATƏT-in Kommunikasiya və Media ilə əlaqələr bölməsinin rəhbəri İna Pırvanovanın adından göndərilmiş məktubda bildirilir ki, məqalədə hərbi ekspertə istinadən ATƏT-in fəaliyyətdə olan sədrinin (PRCIO) Şəxsi Nümayəndəsinin mandatı barədə yanlış məlumatlar dərc edilib.

Məktubda deyilir ki, bu yanlışlıq Azərbaycan ictimaiyyətində də yanlış anlaşmaya səbəb ola bilər və APA-dan gözləntiləri balanslı yanaşmanın təmin edilməsidir.

Qeyd edək ki, sözügedən məqalə ATƏT-in məktubunda da bildirildiyi kimi hərbi ekspert Üzeyir Cəfərovun rəyi əsasında hazırlanıb. APA tərəfsiz media orqanı olaraq balanslı yanaşma nümayiş etdirir və qarşı tərəf kimi ATƏT-in də mövqeyini dərc edir.

Məktubda bildirilir ki, ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsinin mandatı barədə məlumat ATƏT-in saytında dərc olunub: “Burada aydın şəkildə qeyd olunur ki, şəxsi nümayəndə öz fəaliyyətinin bütün aspektləri barədə ATƏT-in fəaliyyətdə olan sədrinə, fəaliyyətdə olan sədrin ofisi vasitəsilə ATƏT-in Minsk Qrupu həmsədrliyinə, həmçinin, müvafiq olaraq Minsk Qrupuna məlumat verməlidir.

Etimadın artırılması tədbirləri ilə bağlı öhdəliklər çərçivəsində ATƏT-in fəaliyyətdə olan şəxsi nümayəndəsi və onun sahə köməkçiləri monitorinqlər keçiriblər. Bu tədbirlər cəbhə xətti boyu gərginliyin azalmasına və bəzən meydana gələn gərginliyin həlli yolunun tapılmasına imkan verib, şərait yaradıb. Bu, həmçinin, təhlükəsizlik zəmanətləri ilə humanitar əməliyyatlara dəstək verməyə imkan verib, xüsusilə 2016-cı ildə təmas xəttində baş verən qarşıdurmalardan sonra cəsədlərin toplanması və dəyişdirilməsi qeyd olunmalıdır.

Bütün monitorinq təlimləri tərəflərin razılığı ilə həyata keçirilib, onlar hərbi müşayiəti təmin edərək sahə köməkçilərini monitorinqin keçirildiyi yerə aparıblar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi 2019-cu ilin noyabrında jurnalistlərin qarşılıqlı səfərləri kimi digər etimadı gücləndirmə tədbirlərini hazırlayıb, hazırlayır və həyata keçirir. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin istintaq aparmaq və ya hər hansı bir tərəfin hərbi potensialını yoxlamaq və hesabat vermək səlahiyyəti yoxdur”.

apa-logo-mini

Digər xəbərlər