ATƏT PA prezidenti Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı Kaspşiklə görüş keçirib

ATƏT PA prezidenti Ermənistan-Azərbaycan sərhədində vəziyyətlə bağlı Kaspşiklə görüş keçirib
  • Clock-gray 17:31
  • calendar-gray 16 İyul 2020

ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Gürcüstan parlamentinin üzvü Giorgi Tsereteli Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiklə onlayn görüş keçirib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı A. Kaspşik ATƏT PA prezidentinə ərazidəki vəziyyətlə bağlı məlumat verib.

O bildirib ki, birinci toqquşma zamanı beynəlxalq aləmin də iştirakı ilə tərəflər arasında müvəqqəti sakitlik yaranıb və atəş dayandırılıb. Lakin gərginlik yenidən bu gün səhər davam edib və hər iki tərəf artilleriya atəşindən istifadə edib.

G. Tsereteli qeyd edib ki, ATƏT PA və xüsusilə də şəxsən özü son illərdə müəyyən danışıqlarda aktiv iştirak edib. O deyib ki, konkret nəticə əldə etmək üçün Parlament Assambleyası tərəfindən ayrı-ayrı siyasətçilərin görüşü və müzakirə aparması üçün müxtəlif təşəbbüslər hazırlanıb: “ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də iştirakı ilə etimadın və yüksək səviyyəli danışıqların bərpası üçün sülh danışıqları cəhdlərinə baxmayaraq, vəziyyət və proseslər iyulun 12-də pisləşdi və iki ölkə arasındakı əlaqələr daha da gərginləşdi. Cənubi Qafqazda davam edən gərginlik sülh prosesinə mane olur və onu şiddətli şəkildə sarsıdır. Bu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunma perspektivini uzadır”.

Görüşdə hər iki tərəfin müzakirə masasına qayıtmasının vacibliyi vurğulanıb.

G. Tesereteli qeyd edib ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in xüsusi mexanizmlərinin olmasına baxmayaraq, münaqişənin həlli prosesində heç bir inkişaf yoxdur, əksinə vəziyyətin daha da gərginləşməsi baş verir.

ATƏT PA prezidenti onu da qeyd edib ki, ATƏT-in Minsk Qrupunun mandatı davamlı monitorinq anlamına gəlmir və razılaşmanı pozan tərəfi müəyyən edə bilmir: “Ona görə də hərbi insidentlərin qarşısının alınması məqsədi ilə monitorinq komponentinin daha da gücləndirilməsi vacibdir”.

Səid Babazadə

Digər xəbərlər