Azərbaycan Prezidenti: “Müharibə zamanı gördüyümüz işlər aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir”

Azərbaycan Prezidenti: “Müharibə zamanı gördüyümüz işlər aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir”
  • Clock-gray 16:22
  • calendar-gray 24 Dekabr 2020

 “Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır”.

APA-nın məlumatına görə, bunu dekabrın 23-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Qubadlı rayonuna səfəri zamanı çıxışında deyib.

Azərbaycan Prezidenti bildirib ki, bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib: “Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır”.

Dövlər başçısı deyib ki, hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün: “Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.

Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızılan məlumatlar da onu göstərir ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi.

Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir”.

 

 

 

apa-logo-mini

Digər xəbərlər