Azərbaycanın daimi nümayəndəsi Sumqayıt hadisələri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb

Azərbaycanın daimi nümayəndəsi Sumqayıt hadisələri ilə bağlı BMT baş katibinə məktub ünvanlayıb
# 12 mart 2020 16:30 (UTC +04:00)

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı BMT-nin baş katibi Antonio Quttereşə məktub ünvanlayıb.

APA-nın xəbərinə görə, məktubda bildirilib ki, rəsmi araşdırma nəticəsində 1988-ci ilin Sumqayıt hadisələrinin ermənilərin "Qarabağ" və "Krunk" ekstremist qrupları tərəfindən hazırlanmış təxribat olduğu müəyyən edilib.

Qeyd olunub ki, burada məqsəd Azərbaycanın etibarını sarsıtmaq, Ermənistanın anneksiya niyyətini və buna nail olmaq üçün nümayiş etdirilən şiddət metodlarını ört-basdır etmək olub.

“Araşdırmalar göstərdi ki, 26 erməni və 6 azərbaycanlının ölümünə səbəb olan bu hadisənin təşkilatçılarından və bunu törədənlərdən biri erməni əsilli şəhər sakini Eduard Qriqoryan idi. Toplanan sübutlar və ermənilərin də iştirak etdiyi şahid ifadələri sübut edir ki, o, şiddət və zorakılıqda birbaşa iştirak edib. Təqsirləndirilən 92 nəfər, o cümlədən Eduard Qriqoryan törətdikləri əməllərə görə məhkəməyə cəlb olunub. Lakin bunun əksinə olaraq, 1987-1989-cu illərdə azərbaycanlıların Ermənistandan deportasiyası zamanı yüzlərlə azərbaycanlının qətli, törədilən qırğınlarla bağlı heç kim mühakimə edilməyib.

Ermənistanın Azərbaycana və onun vətəndaşlarına qarşı törətdiyi cinayət əməllərini inkar etməsi beynəlxalq hüquq pozuntusudur.

Dağlıq Qarabağ münaqişə ilə bağlı BMT qətnamələrinə uyğun olaraq sülh, sabitlik və təhlükəsizliyə nail olmaq mümkündür. Bunun üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlardan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR