Bakıda məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO

Bakıda məcburi köçkün qadınlara həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
# 24 fevral 2020 10:50 (UTC +04:00)

Bu gün Bakıda “Məcburi köçkün qadınların ədalət çağırışı: sülh və təhlükəsizlik məsələləri gündəmində onların ehtiyaclarının qarşılanması” mövzusunda beynəlxalq konfrans keçirilib.

APA-nın məlumatına görə, konfrans Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, (BMTM) Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev tədbirin BMT Təhlükəsizlik Şurasının 2000-ci ildə qadın, sülh və təhlükəsizlik məsələlərinə dair qəbul etdiyi 1325 saylı qətnaməsinin 20-ci ildönümünə həsr olunduğunu bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, qadınlar Azərbaycan tarixində mühüm rol oynayıb: “Təsadüfi deyil ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara səsvermə hüququ verilib. Azərbaycanda BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı 2020-2023-cü illəri əhatə edən Milli Fəaliyyət Planı hazırlanıb”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzainin sözlərinə görə, BMT-nin məlum qətnaməsində qadınların münaqişələrin qarşısının alınmasında, sülh quruculuğunda rolu əks olunub: “Qadınların bu sahədə fəaliyyəti dayanıqlı sülh üçün təminat yaradacaq. Qadınlar və kişilərin bərabər tərəfdaş kimi tanındığı halda sülh üçün zəmin yarana bilər. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda da mühüm rol oynayır. Qadınların sülhün təmin edilməsində rolu təmin olunmadan məqsədlərə nail olunmayacaq. Artıq 80-ə yaxın ölkə BMT-nin 1325 saylı qətnaməsi ilə bağlı özünün Milli Fəaliyyət Planını qəbul edib. Biz də Azərbaycanı BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi ilə bağlı Fəaliyyət Planını qəbul etməyə çağırırıq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 1325 saylı qətnamə ilə bağlı Azərbaycanın Milli Fəaliyyət Planının hazırlanaraq müvafiq dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb.

Ombudsman Səbinə Əliyeva vurğulayıb ki, Azərbaycanda həyata keçirilən kompleks tədbirlər qaçqın və məcburi köçkünlərin hüquqlarının effektiv təmin olunmasına xidmət edir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib ki, münaqişə tərəflərinin qadınlara qarşı zorakılığı yolverilməzdir: “Təəssüf ki, İkinci Dünya müharibəsindən sonra da münaqişələrdə qadınların hədəf seçildiyini gördük. Ona görə də 1970-ci illərdə bu məsələyə diqqət artdı. 1325 saylı qətnamənin qəbulundan sonra Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasını da qeyd etməliyik. Bu məhkəmənin də araşdırmalarında qadınların işgəncəyə məruz qalmasının şahidi olmuşuq. Dağlıq Qarabağ münaqişəsində azərbaycanlı qadınlar işgəncələrə məruz qalıblar. Dağlıq Qarabağdan olan azərbaycanlı qadınlarının sülh çağırışlarının şahidiyik. Bu qadınların torpaqlarında ləyaqətlə yaşamaq haqqı tanınmalıdır. İşğal başa çatdıqdan sonra yenidənqurma işlərində qadınlarımızın aktiv iştirak edəcəyini gözləyirik. Bir statistikanı da qeydə etmək istəyirəm. Son 118 ildə Nobel mükafatı alan 52 qadından 17-si Sülh mükafatı alıb. Azərbaycan qadınlarının da torpaqlarımızın işğaldan azad edilməsinə öz töhfələrini verəcəyinə əminəm”.

Konfrans panellərlə davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR