Dövlət başçısı: “Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynayıb”

Dövlət başçısı: “Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynayıb”
  • Clock-gray 10:19
  • calendar-gray 24 Noyabr 2020

“Biz informasiya müharibəsində qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, Xocalı soyqırımı haqqında dünyada məlumat yox idi: ““Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı.

Biz - Qoşulmama Hərəkatına sədrlik edən ölkə BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə də bu məsələni diqqət mərkəzində saxlamışıq. Bu gün 120 ölkəni birləşdirən təşkilata Azərbaycan sədrlik edir. Keçən il Zirvə görüşü keçirilmişdir. Bu gün Azərbaycan xalqı bir daha görür ki, bunun nə qədər böyük önəmi var idi. Çünki İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri də baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarada bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Mən də onlara təşəkkürümü bildirdim və demişdim ki, onlar bizim arxamızda kişi kimi durdular. Baxmayaraq ki, böyük dövlətlər onlara böyük təzyiqlər göstərirdi. Qoşulmama Hərəkatının bir çox üzvləri Azərbaycanı həm müstəqil, həm güclü, həm də onları müdafiə etməyə hazır olan ölkə kimi tanıyır. Biz pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərmişik, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə Qoşulmama Hərəkatına xüsusi bir yardım göstərmişik. Görülmüş bütün bu işlər səmərəsini verdi. Biz bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində lazımi beynəlxalq dəstəyi ala bildik.

Biz bu gün təkcə Qoşulmama Hərəkatına yox, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına da sədrlik edirik. Bizim beynəlxalq nüfuzumuz kifayət qədər yüksəkdir və bu, münaqişənin həlli üçün xüsusi rol oynamışdır”.

apa-logo-mini

Digər xəbərlər