“Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi üzərində cəmləşib”.
APA-nın xəbərinə görə, bu, 2019-cu ilin yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat buraxılışında əksini tapıb.
“Həyata keçirilən ardıcıl diplomatik səylər nəticəsində dünya birliyinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə yönəlmiş Azərbaycanın haqlı mövqeyinə dəstəyi daha da artıb”, - deyə qeyd olunub.