Pənahəli xanın şah əsəri: Dağlarının başı dumansız Şuşa - REPORTAJ - FOTOLAR - VİDEO

Pənahəli xanın şah əsəri: Dağlarının başı dumansız Şuşa  - REPORTAJ - FOTOLAR - VİDEO
  • Clock-gray 16:32
  • calendar-gray 26 Yanvar 2021

APA TV-nin çəkiliş qrupu Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsi çərçivəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik.

“Zəfərin izi” ilə çıxdığımız yolda budəfəki səfərimiz Azərbaycanın mədəniyyət beşiyi hesab olunan Şuşa şəhərinədir.

Təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulan Şuşa!

17 məhəlləli Şuşa, 17 məscidli Şuşa!

Hər məhəllədə hamamı, bulağı olan Şuşa!

Görənləri özünə heyran buraxan Şuşa!

Şuşa şəhərinə təşkil olunan media-tura Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı rəhbərlik edir. Şəhərə daxil olarkən vaxtımızın çox az olduğu, bu səbəbdən axşam düşmədən və yollar buz bağlamadan geri qayıdacağımız tapşırılır.

Çəkilişlərə ilk olaraq Cıdır düzündən başlayırıq. Sonuncu dəfə 1991-ci ilin noyabrında olmuşam burda. Oradan helikopterlə Ağdama gəlmişəm. Şuşanın gözəlliyini də, qeyri-adiliyini də, böyüklüyünü də onda anlamışdım.

Helikopter havalandıqdan sonra göydən ona baxanda təəccüblənmişdim ki, üç tərəfi sıldırım olan dağın başında bu şəhəri necə tikiblər? Pənahəli xan göydən baxmadan buranı necə kəşf edib!? Qısası, möcüzədir bu şəhər. Bəlkə də dünyanın 8-ci möcüzəsidir Şuşa.

Hər bir azərbaycanlının ruhuna Vətən olan Şuşada günümüz belə başladı. Artıq Şuşanın başının üstündəki duman yoxdur. Şuşa artıq hər səhər öz övladları ilə oyanıb öz doğmalarına qucaq açır. 28 il 6 ay ərzində hər bayramda, hər xüsusi gündə dilimizə gətirdiyimiz “inşallah, gələn ili Şuşada qeyd edək” arzusu artıq çin olub.

Gördüyünüz kimi, Üzeyir Hacıbəyov, Xurşidbanu Natavan və Bülbül... Bunlar bu şəhərin əsl sakinləridir. Digəri isə Azərbaycan Silahlı Qüvvələridir ki, bu şəhəri Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edib və tam onların nəzarətindədir.

Əslən Şuşadan olan 37 yaşlı Vasif Allahverdiyev doğma şəhərini tərk edəndə cəmi 8 yaşı var idi. Həmin günlərə ağrı-acı ilə xatırlayan həmsöhbətimiz deyir ki, Şuşaya qayıdan kimi birinci Şuşanın torpağını öpüb və doğma yurdunun suyundan içib: “Möhtəşəm bir hissdir. Yəni onu kəlmə ilə ifadəı etmək mümkün deyil. İnandıq həmişə - dövlətimizə də, əsgərimizə də, ordumuza da inandıq. Şuşalılar ümidini itirməmişdi və nəhayət, gördük ki, cənab Prezident demişkən, “dəmir yumruq” düşmənin başını əzdi. Bugünkü günə şükür. Hər bir şuşalının dilində bu söz var – bugünkü günə şükür. Gəldim Şuşaya, xəstə canımla buradan soyuq su içdim. Allahın bugünkü gününə min şükür olsun. İnşallah, şəhərimiz bərpa olunar, bütün Azərbaycan gəlib ziyarət edər”.

Yadıma Şuşa şəhərində kirayədə qaldığım ilk ev düşür. Qrupdan ayrılıb üz tuturam 28 il Şuşa deyiləndə yadıma düşən o evə - Züleyxa xalanın evinə.

Bir anda bütün Şuşamı görmək istəyirəm. Şuşadan olan dostlarımın evlərinə getmək istəyirəm. Şuşanın bütün küçələrindən keçmək istəyirəm. Amma vaxtın az olduğunu xatırlayıb, Kənd Təsərrüfatı Texnikumunun qarşısından üz tuturam Şuşa qalasına tərəf.

Şuşa şəhəri XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən biri olub. Şəhərin dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb. Burada Pənahabadi adlanan gümüş sikkə də buraxılıb. XIX əsrin sonu - XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Azərbaycan musiqisinin beşiyi" və "Qafqazın Konservatoriyası" adlandırıblar.

Azərbaycanın bir sıra incəsənət adamları, musiqiçiləri Şuşada dünyaya göz açıb. 29 il sonra Şuşa küçələrində gəzərkən qulağımızda sanki onların bəstələdiyi musiqilər səslənir.

 

 

Habil Aslanoğlu

Digər xəbərlər