Politoloq: “Ermənistan Azərbaycanın humanist addımlarına qarşılıq verməlidir”

Politoloq: “Ermənistan Azərbaycanın humanist addımlarına qarşılıq verməlidir”
# 05 may 2021 17:18 (UTC +04:00)

“Prezident İlham Əliyev humanist addım ataraq 3 erməni hərbçini Ermənistana qaytarmaq haqqında qərar verib”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, qaytarılan şəxslərin istintaq zamanı Azərbaycan hərbçilərinin öldürülməsi və yaralanmasında iştirak etmədikləri məlum olub: “İstintaq zamanı həmin 3 nəfərin Azərbaycan hərbçilərinin öldürülməsi və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirak etdiyi təsdiqlənməyib. Azərbaycan hərbçilərinə qarşı diversiya xarakterli hərəkətlərdə iştirak etmələri barədə faktlar olmadığına görə, Prezident İlham Əliyev bu cür humanist addım atıb. Eyni zamanda Prezidentin bu addımı qarşı tərəfi də bu cür addımlara qarşılıq verməsi məqsədilə atılıb. Ermənistan bu humanist addımlara qarşılıq verməlidir. Azərbaycan tərəfinin tələbləri yerinə yetirilməlidir. Birinci tələb uzun müddətdir ki, səsləndirilir. Bu, Qarabağın azad olunmuş hissələrində minalanmış ərazilərin xəritəsinin verilməsi tələbidir. Bu beynəlxalq hüquqi aktlarda da göstərilib. Tərəflər minalanmış ərazilərin xəritələrini müharibədən sonra bir-birinə verməlidir. Erməni tərəfi bununla bağlı müxtəlif bəhanələr gətirir. Minalanmış ərazilərin xəritələrinin qaytarılması beynəlxalq sənədlərin hər birində məcburi akt kimi qeyd edilir. Ermənilər istəsələr də, istəməsələr də, bu xəritələri Azərbaycan tərəfinə verməlidir. Bunu edərlərsə, onlar da humanist addım atmış olarlar”.

Q. Hüseynli vurğulayıb ki, ən vacib olan məsələlərdən biri və bəlkə də birincisi isə Birinci Qarabağ müharibəsində itkin düşmüş və əsir götürülmüş vətəndaşların aqibətidir: “Bundan öncəki Qarabağ müharibəsində Xocalıdan, Kəlbəcərdən, Laçından, Zəngilandan təxminən 5500 nəfərə qədər qadın və kişi əsir və itkin düşüb, girov götürülüb. Sonradan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası onların siyahısını tərtib edib, taleyi ilə maraqlanıb. Beynəlxalq Qızıl Xaç Komitəsi də bu məsələ ilə bağlı araşdırmalar aparıb. Çox təəssüflər olsun ki, onlardan 1500 nəfəri həyatını itirib. 4000 nəfərin taleyindən isə xəbər yoxdur, Ermənistan onların barəsində məlumatları gizlədir. Halbuki onların Ermənistan tərəfində olduğu faktlarla sübuta yetirilib. Buna görə də erməni tərəfi həm ölən adamlar, həm də hazırda Ermənistanda saxlanılanlar haqqında məlumat verməlidir. Erməni tərəfi sağ qalmış şəxsləri qaytarmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi dünən Ermənistana qaytarılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR