Sergey Markov: “Neytrallıq prinsipinin pozulması Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər”

Sergey Markov: “Neytrallıq prinsipinin pozulması Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər”
  • Clock-gray 14:35
  • calendar-gray 14 Dekabr 2020

“Neytrallıq prinsipinin pozulması Rusiya sülhməramlılarının bu regiondakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər”.

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Sülhməramlı Qüvvələrinin Dağlıq Qarabağda nəzarət etdiyi ərazilərin xəritəsinin dəyişdirilməsinə münasibət bildirən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

O, Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırdığını söyləyib: “Rusiyanın bu münaqişənin nizamlanmasında müsbət rolu var. Rusiya Azərbaycan və Ermənistana müharibəni bitirməyə və sülh razılaşmasına çıxmağa imkan verdi. Vladimir Putin Rusiya sülhməramlı qüvvələrinə mandatlarına uyğun olaraq hərəkət etmək əmrini verib. Bu, Rusiya sülhməramlılarının dəqiq neytral mövqe tutması və yalnız hər iki ölkə ilə - Azərbaycan və Ermənistanla razılaşdırılmış şəkildə fəaliyyət göstərməsi deməkdir. Bu prinsipin hər cür pozulması Rusiya sülhməramlılarının bu regiondakı fəaliyyətinin legitimliyini zərbə altına qoya bilər. Ona görə də, bu prinsiplərdən hər hansı yayınma Prezident Vladimir Putinin sülhməramlılara verdiyi əmrin pozulması anlamına gəlir”.

Rusiyalı siyasi ekspert Qarabağdakı sülhməramlıların erməni tərəfinin mövqeyinə daha çox qulaq asmasının mümkünlüyünü də vurğulayıb: “Düşünürəm ki, bir sıra Rusiya sülhməramlısı ənənəvi olaraq Ermənistanla, mümkündür ki, Ermənistanın Müdafiə Nazirliyi ilə, Dağlıq Qarabağ ərazisindəki erməni silahlı birləşmələri ilə təmasdadırlar. Ola bilsin ki, Rusiya sülhməramlıları daha çox erməni tərəfinin səsinə qulaq asırlar. Ona görə ki, Rusiya sülhməramlıları daha çox onlarla təmasdadırlar. Düşünürəm ki, Azərbaycan ictimaiyyətinin haqlı qəzəbinin, narahatlığının ciddi əsasları var və bu qəzəb Rusiya tərəfindən heç bir halda diqqətdən kənarda qalmamalıdır, qalmayacaq da...”

S. Markov Azərbaycan tərəfi ilə Rusiya sülhməramlı qüvvələri arasında sıx təmasın yaradılmasının vacib olduğunu qeyd edib: “Fikrimcə, bu vəziyyətdən çıxış yolu Rusiya sülhməramlılarının legitimliyini şübhə altına qoymaq deyil, Azərbaycan tərəfi ilə sülhməramlıların sıx təmasını, kommunikasiya kanalını qurmaqdır. Düşünürəm ki, Rusiya sülhməramlıları eyni vaxtda Azərbaycan və Ermənistanın razılıq verdiyi qərarlara müvafiq fəaliyyət göstərəcəklər. Əgər ziddiyyətli vəziyyət yaranarsa, o zaman bu, danışıqlar masasında həll olunmalıdır. Ümumilikdə, fikrimcə, Qarabağda hazırda sülhməramlıların nəzarətində və Azərbaycanın nəzarətində olduğu ərazilərin xətti dəqiq qeyd olunmalıdır. Orada mübahisələr ola bilər. Bu mübahisələr bir qədər zaman da ala bilər. Burada qorxulu bir şey yoxdur. Belə şeylər hər zaman olur. Rusiya bütün Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəqiq tanıyır. Hesab edirəm ki, yaxın vaxtlarda hansı mərhələdə və nə vaxt Azərbaycan administrasiyasının tamamilə bütün Dağlıq Qarabağ ərazisində qanun-qaydaya nəzarət etməsi ilə bağlı danışıqlar başlayacaq”.

Fərid Əkbərov

Digər xəbərlər