Tahir Tağızadənin “The London Post” portalında məqaləsi çap olunub

Tahir Tağızadənin “The London Post” portalında məqaləsi çap olunub
# 09 oktyabr 2020 18:42 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin “The London Post” onlayn informasiya portalında məqaləsi çap olunub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, səfir məqaləsində son günlərdə Britaniya mediası da daxil olmaqla, beynəlxalq mediada və sosial mediada Dağlıq Qarabağ ətrafında yaranan müzakirə və xəbərlərin çoxluğuna toxunub.

“Mövcud informasiya axınında əsas bir həqiqət elementi var. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycana məxsus Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal edib və bu ərazilərdə etnik təmizləmə həyata keçirib. 1993-cü ildə qəbul edilmiş və işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874, 884) hələ də yerinə yetirilməmiş qalır”, - deyə səfir vurğulayıb.

Səfir Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyanın 1997-ci ildə çap olunan “Sülh və ya müharibə? Artıq düşünmək vaxtıdır” adlı məqaləsində Azərbaycan, eləcə də Türkiyəyə qarşı milliyyətçi və qeyri-real məqsədlərin izlənilməsinin Ermənistanı son nəticədə uçuruma aparacağına dair proqnozlarını xatırladaraq bu yanaşma ilə Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin tətbiq etdiyi qeyri-konstruktiv və təxribatçı siyasət arasında paralellər aparıb.

O qeyd edib ki, son iki ildə Ermənistan rəhbərliyinin tətbiq etdiyi siyasət bu ölkəni həqiqətən də uçuruma sürükləyib.

Bu xüsusda səfir Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən bəri Ermənistan hakimiyyətinin qızışdırıcı ritorikası və atdığı təxribatçı addımların ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesinə zərbə vurduğunu qeyd edib və bu kontekstdə Paşinyanın 2019-cu ilin avqust ayında “Dağlıq Qarabağ Ermənistandır, nöqtə” ifadəsini işlətməsi, Ermənistan Müdafiə nazirinin 2019-cu ilin mart ayında “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını irəli sürməsi və sairə kimi addımlara diqqət çəkib.

Səfir Ermənistanın 2020-ci ilin iyul ayında Azərbaycanla dövlət sərhədində törətdiyi uğursuz təxribatı da xatırladaraq Ermənistanın 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı növbəti təcavüz aktı başlatdığını yazıb və hazırkı yaranmış vəziyyətin beynəlxalq ictimaiyyət üçün əsl sınaq anı olduğunu bildirib.

T. Tağızadə bölgədəki sabitliyin qayğısına qalan hər kəs kimi onu narahat edən bir sıra tendensiyalardan - Ermənistan cəmiyyətində artan anti-Azərbaycan meylləri, erməni diasporunun pozucu rolu, regional oyunçuların bəzi hallarda öz rolunu yadırğaması, Ermənistana qarşı lazımi beynəlxalq təzyiqin olmamasından da söz açıb.

O vurğulayıb ki, Azərbaycan tərəfi bu məsələləri substantiv şəkildə həll etməyə hazırdır: “Çünki, nəticədə əsas məsələ müharibəni qazanmaq deyil, sülhü qazanmaqdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR