Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Gəncəyə səfər edib

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Gəncəyə səfər edib
  • Clock-gray 11:56
  • calendar-gray 04 Noyabr 2020

Ölkəmizdə səfərdə olan Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 4-də Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.

Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş faşistsayağı hücumlar nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.

Fuad Nazimoğlu

Digər xəbərlər