Ziyafət Əsgərov: “Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu”

Ziyafət Əsgərov: “Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu”
# 23 dekabr 2020 20:30 (UTC +04:00)

“Azərbaycanın müstəqillik tarixinin şərəfli səhifələri yazılır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakı Dövlət Universitetində “Güclü lider, güclü dövlət” mövzusunda videokonfrans formatında keçirilən konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətlt Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızı, şəhər və kəndlərimizi azad edib: “Noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ Müharibəsində Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Ali Baş Komandan mənəvi paytaxtımızı özümüzə – xalqımıza qaytardı, sınmış qürurumuzu bərpa etdi. Vətən Müharibəsində qələbənin müəllifi olan Prezident İlham Əliyev xalqımızın 28 illik həsrətinə son qoydu. Heç bir qələbə asan başa gəlmir və tarixi sübut edir ki, düşünülmüş siyasi xətt olmadan müharibəni qələbə ilə başa vurmaq mümkün deyil. Prezident İlham Əliyev ötən 17 ildə uğurlu fəaliyyəti, inkişaf və yüksəliş siyasəti, beynəlxalq miqyasda Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, diplomatik qələbələri ilə torpaqlarımızın güc yolu ilə azad edilməsinin tarixini yetişdirdi”.

Z. Əsgərov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilib, habelə Avropa Şurası və ATƏT problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair sənədlər qəbul edib: “Lakin bu sənədlərin tələblərinin yerinə yetirilməsi danışıqlar prosesində vasitəçilər tərəfindən Ermənistanın qarşısında şərt olaraq qoyulmayıb. Ona görə də BMT kimi mötəbər bir təşkilatın qətnamələri 27 il kağız üzərində qalıb. Beləliklə, danışıqlar prosesinin nəticəsiz, status-kvonun dəyişməz qalmasına səbəb olan proses əslində ATƏT-in Minsk qrupunun üzdə neytral, lakin dolayısı ilə Ermənistanın işğalçılıq fəaliyyətinə dəstək verən fəaliyyətinin göstəricisi olub. Bir müddət əvvəl isə Minsk qrupunun ermənipərəst fəaliyyəti tam ifşa edildi. Ötən ay BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Təhlükəsizlik Şurasının Prezidentinin bəyanatının layihəsi hazırlanıb. Lakin bəyanatın layihəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almayıb. Buna görə də Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə – İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominkan Respublikası, Sent Vinsent və Qrenadin layihəyə Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın daxil edilməsini təklif ediblər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, Qoşulmama Hərəkatına üzv ölkələr prinspial mövqe nümayiş etdiriblər. Bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkməyə məcbur olublar”.

Parlamentin komitə sədri vurğulayıb ki, hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlara zidd açıqlamalar verən, formatın dəyişdirilməsindən, danışıqlara separatçı rejimin cəlb olunmasından dəm vuran Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycan qarşısında 7 şərt qoyulması, “Yeni ərazilər üçün yeni müharibə” konsepsiyasının irəli sürülməsi kimi sərsəm addımlar və nəhayət, bu ilin iyulunda Tovuza hücum edilməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız hala gətirib: “Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasətinin aparılması, könüllü hərbi birliklərin yaradılması təsdiqlədi ki, Ermənistan problemin həllində bütün konstruktiv yanaşmalardan uzaqdır. Üstəlik, cəbhə xəttində yeni hərbi qüvvələr cəmləməsi Ermənistanın yeni işğalçılıq niyyətindən xəbər verirdi”.

Sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribatdan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlayaraq 44 gün ərzində Vətən müharibəsini zəfərlə başa çatdırdığını vurğulayan Z. Əsgərov bildirib ki, Prezident İlham Əliyev uğurlu hücum əməliyyatlarının gedişində də yenilməz siyasi iradə, əzm, sərkərdə qətiyyəti və prinspiallıq nümayiş etdirib: “Prezident İlham Əliyev Ermənistanın havadarı olan dövlətlərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi. Dövlət başçısı siyasi uzaqgörənliyi, diplomatik peşəkarlığı ilə Ermənistana və dünya erməniliyinə informasiya müharibəsində də ciddi zərbələr vurdu. Yaşasın güclü liderimiz!” Yaşasın güclü dövlətimiz!.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR