İqbal Ağazadə: “Ümid Partiyası prezident seçkilərində özünün namizədini dəstəkləyən partiyaların təmsil olunduğu blok formalaşdırmağa çalışacaq”

İqbal Ağazadə: “Ümid Partiyası prezident seçkilərində özünün namizədini dəstəkləyən partiyaların təmsil olunduğu blok formalaşdırmağa çalışacaq”
# 09 yanvar 2007 15:15 (UTC +04:00)
“Ümid Partiyası çalışacaq ki, prezident seçkilərində özünün namizədini dəstəkləyən partiyaların təmsil olunduğu blok formalaşdırsın. Amma ən mühümü xalqın səsini qazanmaqdır”. Bu sözləri APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. İ. Ağazadə bloklaşma məsələsində hələ tələsmədiklərini, lakin bu barədə düşündüklərini bildirib. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə isə bu mövzuda danışmağın hələ tez olduğunu qeyd etsə də, heç bir blokda təmsil olunmaq istəmədiklərini açıqlayıb. Onun sözlərinə görə, ASDP seçkidə iştirak edərsə, prosesə öz namizədi ilə qatılacaq. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu müxalifət partiyalarının birgə fəaliyyətinə həmişə üstünlük verdiklərindən prezident seçkisi öncəsi bloklaşmanın tərəfdarı olduqlarını bəyan edib. Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Rövşən Əhmədli dövlət qeydiyyatından keçmədikləri üçün seçkilərdə fəal iştirak edə bilmədiklərini söyləyib: “Ola bilər ki, İslam Partiyası seçkidə öz namizədi ilə iştirak etsin. Bu, qurultayında çıxarılacaq qərardan asılı olacaq. Təəssüf ki, hazırda müxalifətdə namizədliyini dəstəkləyə biləcəyimiz siyasi fiqur yoxdur. Bu da İslam Partiyasının hər hansı blokda təmsil olunmasını sual altına alır. Hər şey əvvəlki kimi davam etsə, İslam Partiyası bloklarda təmsil olunmayacaq”. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov isə partiyasının siyasi bloklarda iştirakı barədə heç bir müzakirə aparılmadığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR