Müsavat Partiyası yanvarın 28-ə mitinq təyin edib

Müsavat Partiyası yanvarın 28-ə mitinq təyin edib
# 10 yanvar 2007 09:59 (UTC +04:00)
Müsavat Partiyası enerji daşıyıcılarının qiymətlərinin qalxmasına etiraz olaraq yanvarın 28-də mitinq keçirmək haqda qərar qəbul edib. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, aksiyanın keçiriləcəyi yer Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacaq: “Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün 4 yer ayırıb. Biz həmin 4 yerdən birində mitinqin keçirilməsi üçün razılıq istəyəcəyik”. A. Hacılı bildirib ki, partiya əvvəlcə məsələ ilə bağlı müxalifətin ümumi mitinqinin keçirilməsinə qərar verib. Amma ötən gün “Azadlıq” blokunun Müsavatla birgə mitinq keçirmək niyyətində olmaması ilə bağlı qərarından sonra partiya aksiyanı təkbaşına keçirmək qərarına gəlib. “Amma bununla bərabər biz digər müxalifət partiyaların və həmçinin “Azadlıq” blokunda olan partiyaların da bu aksiyalara qoşulması üçün danışıqlar aparmağa hazırıq. Bununla bağlı bütün ictimai-siyasi təşkilatlara müraciət edirik ki, nəinki aksiyanın gedişində, həmçinin onun təşkilində də iştirak etsinlər”. ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlunun Müsavatın özünəməxsus taktikasının olması ilə bağlı fikirlərinə gəldikdə, A. Hacılı bildirib ki, burada xüsusi bir taktika yoxdur: “Kimlərsə kütləvi aksiyalar keçirmək istəmirsə, bu onların öz siyasi taktikasıdır. Biz aksiyaların keçirilməsinə birmənalı olaraq ehtiyac duyuruq”. A. Hacılı hələlik digər müxalifət partiyaları ilə hər hansı müzakirənin aparılmadığını qeyd edib. Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti mitinqlərin keçirilməsi üçün Səbayel rayonu ərazisində “Neftçi” İdman Sağlamlıq Mərkəzinin Bibiheybətdəki stadionunu, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna doğru gedən yoldakı meydanı, Xətai rayonunda Ukrayna meydanı, Suraxanı rayonunda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Tofiq İsmayılov adına stadionunu ayırıb. Küçə yürüşlərinin keçirilməsi üçün isə “Neftçilər” metro stansiyasının yanından başlayaraq Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydana qədər, “Həzi Aslanov” metro stansiyasının yanından başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanınadək və Səttar Bəhlulzadə adına meydandan “Neftçi” İdman Sağlamlıq Mərkəzinin stadionunadək əraziləri müəyyənləşdirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR