Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Gürcüstan parlamentinin nümayəndə heyəti ilə görüşüblər.
APA-nın xəbərinə görə, nümayəndə heyətinə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava başçılıq edib.
Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov münasibətlərimizin bütün sahələrdə yüksək səviyyədə qurulduğunu qeyd edib, müstəqillik dövründə dostluq və əməkdaşlıq əlaqələrimizin uğurla davam və inkişaf etdiyini vurğulayıb.
Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri parlamentlərarası əlaqələrin daha intensiv xarakter daşıdığını bildirib. Ölkələrimiz arasında əməkdaşlığın durmadan genişləndiyini qeyd edib: "Biz Azərbaycanla dostluğun qədir-qiymətini yaxşı bilirik".
Nümayəndə heyətinin başçısı, Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Sofio Katsarava Azərbaycana bu ilk rəsmi səfərinin davamlı olacağına ümid ifadə edib. Həm beynəlxalq təşkilatlarda, həm də ikitərəfli əlaqələrdə deputatlarımızın çox səmərəli əməkdaşlıq etdiyini bildirib: "Biz bütün məsələlərdə Azərbaycanın dəstəyini hiss edirik və qiymətləndiririk. Gürcüstanla Azərbaycan bütün məsələləri dostluq və əməkdaşlıq şəraitində həll etməyə qadirdir".
Söhbət zamanı deputatlar Hikmət Babaoğlu, Rasim Musabəyov, Ramaz Nikolaişvili qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirlərini bölüşüblər.