Soltan Məmmədov: “Ümummilli lider Azərbaycan xalqının taleyində müstəsna rol oynayıb”

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 09 may 2022 20:05 (UTC +04:00)

“Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində müstəsna rol oynamış böyük şəxsiyyətdir. Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunması, dövlətin institusional əsaslarının yaradılması onun adı ilə bağlıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O bildirib ki, ötən əsrin 90-cı illərində ölkənin qarşılaşdığı böyük problemlər cəmiyyətdə ciddi parçalanmalara, siyasi qütbləşmənin dərinləşməsinə səbəb olmuşdu. Məhz Ulu öndərin hakimiyyətlə gəlişi Azərbaycanda milli birliyin və həmrəyliyin təmin olunmasına, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına imkan yaratdı.

Soltan Məmmədov vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini qiymətləndirmək üçün bütün tarixi və siyasi amilləri diqqətlə təhlil etmək lazımdır: “Hər bir siyasi liderin fəaliyyəti onun yaşadığı dövrün şərtləri ilə müəyyən olunur. Bu baxımdan hesab edirəm ki, həm Sovet Azərbaycanında, həm də dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə Ümummilli liderin həyata keçirdiyi siyasətin məzmununu müəyyən edən ən başlıca amil Azərbaycan xalqının milli maraqları olub. Çünki Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdə respublikada iqtisadiyyatın inkişafı, gənclərin yüksək səviyyəli təhsil almasının təmin olunması, milli adət-ənənələrin yaşadılması, Ana dilinin təbliği istiqamətində kifayət qədər uğurlu addımlar atılmışdı. Azərbaycan qısa müddətdə sosial-iqtisadi göstəricilərinə görə SSRİ respublikaları arasında öncül yerlərə çıxmışdı. Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdlərinin qarşısı məhz onun düzgün siyasəti nəticəsində alınmışdı. Müstəqil Azərbaycanda isə dövlət idarəetmə aparatının bütün mexanizmlərinin qurulması, milli iqtisadiyyatın formalaşdırılması, ordu quruculuğu, xarici siyasət strategiyasının müəyyən edilməsi də Ümummilli liderin adı ilə bağlıdır”.

Milli Məclisin deputatı bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycan tarixinin iki mühüm mərhələsini əhatə edir: “Bu böyük şəxsiyyətin 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Sovet Azərbaycanı öz tarixinin ən sürətlə inkişaf edən dövrünə qədəm qoydu. 1993-cü ildə isə onun hakimiyyətə gəlişi ilə milli dövlət quruculuğu prosesi başladı. Xüsusi qeyd etmək istərdim ki, Sovetlər dövründə məhz Ümummilli liderin təşəbbüsü ilə atılan addımlar sonrakı mərhələdə, yəni müstəqillik dövründə milli dövlət quruculuğu üçün çox əlverişli imkanlar formalaşdırmışdı. Bura həm iqtisadi amilləri, həm də kadr məsələlərini aid etmək mümkündür”.

Soltan Məmmədov bildirib ki, ulu öndə Heydər Əliyevin əsas məqsədlərindən biri Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail olmaq idi. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik və praqmatik siyasət bu tarixi vəzifənin müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR