Azərbaycanda iki siyasi partiyanın birləşməsi məsələsi müzakirə ediləcək

Azərbaycanda iki siyasi partiyanın birləşməsi məsələsi müzakirə ediləcək
# 08 aprel 2008 13:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azadlıq Partiyasından Azərbaycan Milli Demokrat Partiyasına birləşməklə bağlı təklif gəlib”. Bu barədə APA-ya məlumat verən Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədr əvəzi Oqtay Xəlilli bildirib ki, ötən gün bu təklifi Azadlıq Partiyasının sədri Əhməd Oruc edib. Təkliflə bağlı partiyanın rəhbərliyində müzakirə aparılmayıb. O, yaxın günlərdə Ə. Orucla məsələni müzakirə edəcəyini deyib: “Dünən görüşüb, bu təklifi müzakirə etməliydik. Ancaq görüş baş tutmadı. Ümumiyyətlə partiyanın yenidən təşkilatlanması ilə bağlı bir sıra başqa təkliflər də var. Bütün bu məsələlərə qurultayda baxılacaq və qərar da orada veriləcək”. Ə. Oruc isə deyib ki, partiyaların birləşməsi ilə bağlı müzakirələr AMDP-nin keçmiş sədri İsgəndər Həmidovla da aparılıb. Onun fikrincə, ölkədə milli-demokratik dəyərlərə üstünlük verən şəxsləri özündə birləşdirən partiyanın formalaşdırılmasına ehtiyac var. Ə. Oruc ötən gün sədri olduğu partiya ilə AMDP-nin birləşməsi barədə təkliflə çıxış etdiyini də təsdiqləyib: “Bizim partiyada bu məsələ normal qəbul olunub və dəstəklənib. Əvvəlcədən də hər hansı şərtimiz yoxdur. Yəni vəzifə bölgüsündə və sairə məsələlərdə ciddi fikir ayrılığı yarana bilməz”. O, bu və ya digər məsələlərin müzakirə edilməsi üçün AMDP sədr əvəzi Oqtay Xəlilli ilə yaxın günlərdə görüşəcəyini də qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR