Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
# 11 dekabr 2019 12:30 (UTC +04:00)

Dekabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Tarixin izi ilə” adlı beynəlxalq elmi konfrans keçirilib.

APA-nın məlumatına görə, almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Alman-Azərbaycan Cəmiyyətidir. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan və Almaniyadan olan alimlər də məruzələrini təqdim ediblər.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın Avropa, o cümlədən Almaniya ilə siyasi və mədəni əlaqələrinin tarixindən danışıb:

"Orta əsrlərdə dünyanın taleyini həll edən üç dövlət vardı: Səfəvi, Osmanlı və Habsburqlar imperiyaları. Bu imperiyalar arasında hələ o dövrdə geniş əlaqələr mövcud idi. Habsburqlar imperiyası bir sıra beynəlxalq məsələlərdə bizimlə müttəfiqlik edir, Səfəvilərlə dostluğa can atır, bura elçilər göndərirdi. Əvəzində Şah Abbas da Hüseyn Əli bəy Bayatın rəhbərliyi ilə Avropaya nümayəndə heyəti göndərir, heyət bir sıra Avropa ölkələrində olur, o cümlədən də Almaniya imperiyası ilə danışıqlar aparıb".

Almaniyadan Azərbaycana gələn səyyahların əhəmiyyətli tədqiqatlar qoyub getdiklərini vurğulayan akademik onlardan birinin də Adam Oleari olduğunu xatırladıb:

"O, Azərbaycanda bir neçə ay qalaraq, bunun əsasında səyahətnamə qələmə alıb. Bu səyahətnamə indi də bizim üçün olduqca qiymətli mənbədir".

Y.Mahmudov almanların Azərbaycana köçünün ağrılı bir dövrə təsadüf etdiyini diqqətə çatdırıb:

"Xalqımızın soyqırımına məruz qaldığı ağrılı dövrlərdə bura köç etmiş başqa xalqlar bizə qarşı çıxdıqları halda alman məskunlar bizimlə oldular, bizə qarşı çıxmadılar. Sonradan Almaniyaya qayıdan alman məskunlar arasında elələri var ki, xalqımızdan gördükləri dostluq və mehribanlığı unutmayıb, onu Almaniyada da aşılayıb, həmişə buranı özlərinə vətən hesab ediblər. Almanlar bizim ölkədə əlvan metallurgiyanın inkişafı sahəsində də böyük xidmət göstərib, Azərbaycanı Rusiya İmperiyasının ən böyük əlvan metallurgiya mərkəzlərindən birinə çeviriblər".

Direktor XIX əsrdə Azərbaycanın qərbində salınan alman məskənlərinin tarixinin öyrənilməsindən də bəhs edib:

"İnstitut Almaniyanın arxivlərində - Berlin şəhərinin Bundesarxivində, Xarici İşlər Nazirliyinin Siyasi Arxivində və Prussiya Mədəni İrsinin Gizli Dövlət Arxivində saxlanılan Azərbaycan tarixinə dair bir sıra sənədlərin kataloqlarını ölkəmizə gətirib. Tarixçilərimiz almanların Azərbaycanda məskunlaşma tarixi ilə bağlı bir sıra maraqlı tədqiqat işləri aparıblar. Tarixçi alim Sevinc Hüseynova isə “XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın qərb bölgəsinin sosial-iqtisadi və mədəni həyatında köçkünlərin iştirakı tarixindən” mövzusunda dissertasiya işi müdafiə edib”.

Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev də Azərbaycan-alman xalqları arasındakı əlaqələrdən danışıb. O bildirib ki, bu əlaqə və münasibətlərin kökləri çox dərinliklərdədir:

“1817-1818-ci illərdə Almaniyanın Vürtemberq vilayətindən alman kəndliləri Rusiya çarı I Aleksandrın razılığı ilə Qafqaza köçürülərək, Gürcüstanla Azərbaycan ərazilərində məskunlaşdırılıb. Bir ildən sonra ölkəmizdə ilk alman koloniyası kimi tanınan Yelenendorf-bugünkü Göygöl şəhəri salınıb”.

Konfrans çərçivəsində professor Ç.Abdullayev Y.Mahmudova Azərbaycan-Almaniya elmi əlaqələrinin inkişafındakı böyük xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyətinin “Dostluq” medalını təqdim edib.

Alimlər Mais Əmrahov və Oskar Valterə isə Alman-Azərbaycan Cəmiyyətinin “Körpü” diplomu təqdim olunub.

Daha sonra almaniyalı professor Oskar Valter Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə institutun fəxri doktoru seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR