Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı ayrı qanun qəbul edilməsi təklif olunub

Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı ayrı qanun qəbul edilməsi təklif olunub
  • Clock-gray 11:48
  • calendar-gray 17 Aprel 2020

“Hər bir bələdiyyə öz fəaliyyətində ancaq seçicilərin rəy və təkliflərini nəzərə alaraq fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, bu, bu gün  Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirovun təqdim etdiyi "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzənin (2019-cu il üzrə)" müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Ədliyyə Nazirliyində olan struktur tərəfindən bələdiyyələrə hərtərəfli yardım həyata keçirilir: “Bələdiyyələrin gələcəkdə daha yaxşı fəaliyyət göstərməsi üçün müvafiq qərar, qanun, sərəncam və digər qanunvericilik aktlarının qəbul olunması üçün də bu qurum təşəbbüs göstərir. Bələdiyyələrin maarifləndirilməsi işində bizim komitə yaxından iştirak edib və bundan sonra da aktiv iştirak edəcək. 1606 bələdiyyə hazırda fəaliyyət göstərir. 125 dairədən yalnız 118-də bələdiyyə seçkiləri keçirilib. 20 ildən artıqdır ki, Azərbaycanın işğal edilmiş ərazilərində bələdiyyə seçkiləri keçirilmir. Burada 1 milyondan artıq insan bu hüquqdan məhrum edilib. Ancaq ATƏT DTİHB, AŞPA və digər müvafiq beynəlxalq qurumlar bu işğalın nəticəsində bu insanların seçmək və seçilmək kimi fundamental hüququnun yerinə yetirilməsi ilə bağlı bir bəyanat da səsləndirməyib. Bununla yanaşı, hansısa məntəqədə səsvermənin pozulması ilə əlaqədar kifayət qədər bəyanat verdilər, ancaq 1 milyon insanın səsvermə hüququnun təmin edilməməsi qarşısında hələ də susurlar. Ədalətsizlik buradan başlayır. Ona görə də bu məsələləri konkret olaraq, beynəlxalq təşkilatlar qarşısında qaldırıb, əlimizdə olan faktlar əsasında çıxışlar etməliyik”.

O qeyd edib ki, dövlətin bələdiyyələrə qayğısı hər zaman olub. 2000-2020-ci illər arasında  82 milyon 400 min manat dövlət büdcəsindən bələdiyyələrə dotasiya verilib: “Birincisi, bələdiyyə seçkiləri haqqında qanun ayrı olmalıdır, Seçki Məcəlləsindən çıxarılmalıdır. Bir kənddə seçiləcək bir bələdiyyə üzvü ilə prezidentliyə namizədlərin eyni sənədləri toplaması tələb olunur. Bu, doğru deyil. Eyni zamanda əmlakla, gəlirlərlə bağlı digər məsələlərdə də kifayət qədər problemlər yaranır. İkincisi, dünyanın heç yerində belə təcrübə yoxdur ki, ölkənin bütün ərazisində eyni gündə bələdiyyə seçkisi keçirilsin. Bələdiyyələrə adətən hissə-hissə seçkilər keçirilməlidir. Bələdiyyə seçkilərində ən yuxarı orqan dairə seçki komissiyaları olmalıdır”.

O bildirib ki, bələdiyyə üzvlərinin sayını azaltmaq üçün Seçki Məcəlləsində dəyişiklik edilməlidir: “Kiçik bələdiyyələrdə 1, ən böyük bələdiyyələrdə 9 nəfər üzv olmalıdır. Bələdiyyə seçkilərində toplanan imzanı 10-100 səs arasında bölmək də məqsədəuyğun olardı”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date