Bir sıra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bir sıra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
  • Clock-gray 11:45
  • calendar-gray 17 İyun 2020

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, komitənin sədri Tahir Mirkişili gündəliyə daxil edilən 4 məsələnin hər biri haqqında iclas iştirakçılarına məlumat verib. 

Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” (ücüncü oxunuş) qanun layihəsi müzakirə  edilib.

Komitə sədri “Dövlət rüsumu haqqında” qanuna (ikinci oxunuş) təklif  olunan  dəyişikliklərlə əlaqədar məlumatında bildirib ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət  rüsumlarının  məbləği  müəyyən edilib. 

Sonra “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib. Bildirilib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulub. Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib.

Onlayn iclasda “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlandığı vurğulanıb. 

Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Ağalar Vəliyev, Rüfət Quliyev və Anar Məmmədov müzakirə edilən sənədlərlə əlaqədar fikirlərini bildiriblər, təkliflərini səsləndiriblər.

Ətraflı müzakirələrdən sonra sənədlərin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Firuzə Vahid

Digər xəbərlər