Deputat: "Belə bir həmrəyliyi cəmiyyətimiz çoxdan gözləyirdi"

Deputat: "Belə bir həmrəyliyi cəmiyyətimiz çoxdan gözləyirdi"
# 17 iyul 2020 21:12 (UTC +04:00)

“Son günlər işğalçı Ermənistanın hərbi birləşmələri tərəfindən Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə hücumundan və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanda bir daha güclü milli birlik və həmrəylik nümayiş etdirilir”.

Bunu APA-ya açıqlamasında deputat Fatma Yıldırım deyib.

O bildirib ki, xalqımız, cəmiyyətimiz ümummilli məsələmiz olan torpaqlarımızın düşmənlərdən qorunması prosesində möhtəşəm birlik göstərməkdədir: “Respublikamızın hər bir guşəsində xalqın Ali Baş Komandana, ordumuza dəstək aksiyaları keçirildi. Belə ki, siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları ağır pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər. Belə bir məsuliyyətli günlərdə cəmiyyətin digər təbəqələri kimi ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların da mütləq əksəriyyəti öz mövqelərini ifadə ediblər. Çox təqdirəlayiq haldır ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir kənara qoyaraq, həmrəylik nümayiş etdirib və Ali Baş Komandanın yanında olduqlarını bəyan ediblər”.

Millət vəkilinin sözlərinə görə, əslində belə bir həmrəyliyin ifadə olunması cəmiyyətimizin çoxdan gözlədiyi məsələ idi: “Ölkə ictimaiyyəti siyasi rəqiblərin Vətən təhlükədə olduğu anda birlik və həmrəylik etdirmələrini çox yüksək dəyərləndirir. Yaranmış vəziyyətlə bağlı ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın sədri birgə bəyanat imzalayıb və bu, o deməkdir ki, Azərbaycandakı partiyaların mütləq əksəriyyəti vahid mövqedən çıxış edirlər. Bütövlükdə isə siyasi partiyaların birgə bəyanatla çıxış etməsi ölkəmizdə milli həmrəyliyin əyani göstəricisidir. Xatırlayırsınızsa, bu il martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə mövcud olan siyasi mühitlə bağlı fikirlərini bildirdi və siyasi dialoq və siyasi münasibətlərin inkişafı ilə əlaqədar mühüm çağırışlar etdi. Bugünlər siyasi partiyaların birgə bəyanat imzalayaraq həmrəylik nümayiş etdirmələri cənab Prezidentin çağırışlarının real həyatda öz təsdiqini tapdığını ifadə edir”.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizə və ordumuza dəstək aksiyalarında müəyyən dairələrin təxribata cəhd göstərmələri isə ermənilərin maraqlarına xidmət edir: “Belələrinə Azərbaycan cəmiyyətində yer yoxdur və xalqımız onları şiddətlə qınayır. Eyni zamanda, heç bir daxili və xarici siyasi amil Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini poza bilməz. Azərbaycan xalqı hər şeyi görür, qiymət verir. Azərbaycan dövləti xalqı ilə birlikdədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR