Deputat: "Ermənistan mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır"

Deputat: "Ermənistan mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır"
# 12 iyun 2020 10:53 (UTC +04:00)

“Avropa Parlamentinin hər üç Cənubi Qafqaz Respublikası üzrə Parlament Əməkdaşlıq Komitəsinin birlikdə Ermənistan ilə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı hər şeydən öncə bu təşkilatın beynəlxalq hüquqa və bu hüquqda təsbit edilmiş dövlətlərin ərazi bütövlüyü prinsipinə obyektiv və ədalətli yanaşması kimi başa düşülməlidir”.

Bunu APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu mövqe həm də digər büynəlxalq təşkilatlar, ilk növbədə isə ATƏT-in Minsk Qrupu üçün nümunə olmalıdır. Məsələ ondadır ki, işğalçı Ermənistan regionda işğalçılıq siyasətini davam etdirməklə bərabər həm də mövcud nəqliyyat kommunikasiya xəritəsini dəyişməyə cəhd göstərir. Bunun üçün isə işğal altında olan Azərbaycan torpaqlarından istifadə edir. Bu cür davranış əsla qəbul edilə bilməz. Haqlı olaraq Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin bəyanatında da bu məsələ önə çəkilərək Azərbaycanın ərazi bütövlüyünə vurğu edilir. Eyni zamanda, bəyanatda problemin sülh yolu ilə həll edilməsi çağırışı da var ki, bu da hazırda ən aktual məsələdir. Azərbaycan öz torpaqlarının bundan sonra da uzun müddət işğal altında qalmasına əsla dözməyəcək və mütləq qətiyyətli addımlar atacaq. Nəticəni isə proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki hamıya yaxşı məlum olan Aprel döyüşləri və Günnüt əməliyyatı təcrübəsi var. Ermənistan bunlardan dərs çıxarmalı və mövcud status-kvonu legitimləşdirmək cəhdlərinə son qoymalıdır”.

Deputat qeyd edib ki, Ermənistan əgər yeni nəqliyyat kommunikasiyası yaratmaqla işğal etdiyi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirərək beynəlxalq ictimaiyyəti fakt qarşısında qoymaq istəyirsə, kökündən səhv edir: “Çünki Azərbaycan buna heç vaxt yol verməyəcək və öz ərazi bütövlüyünü nəyin bahasına olursa olsun, mütləq bərba edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR