Deputat: “Prezident koronavirus pandemiyası dövründə Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi”

Deputat: “Prezident koronavirus pandemiyası dövründə Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi”
  • Clock-gray 14:46
  • calendar-gray 20 May 2020

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və pandemiya dövründə görülən işlər də bunu təsdiqlədi. Dünən birinci xanım Mehriban Əliyeva ilə birlikdə 3 saylı DOST mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev bir daha əsas məqsədin xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq olduğunu bəyan etdi”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev bildirib.

Millət vəkili deyib ki, koronavirus pandemiyasının iqtisadiyyata müəyyən ziyan vurmasına baxmayaraq, Prezident İlham Əliyev bu il heç bir sosial proqramın, sosial infrastruktur layihəsinin ixtisar edilməyəcəyini bəyan etmişdi: “Uğurlu sosial siyasət Azərbaycanın qüdrətli iqtisadiyyatına söykənir. İqtisadi, maliyyə imkanları sosial layihələrinin icrasını təmin edir. Ötən dövr həm də Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında yaradılmış sosial-iqtisadi modelin zamanın sınağından çıxdığını göstərdi. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa imkan verdi. Yoluxma səviyyəsi və ölüm sayının azlığına görə Azərbaycan düynada ilk onluqdadır. Bu da zamanında atılan qabaqlayıcı addımların effektli olduğunu, özünü doğrultduğunu göstərir. Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda bu sahədə görülən işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Digər tərəfdən, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həm həssas təbəqələrə sosial dəstək verildi, birdəfəlik ödənişlər ayrıldı, ictimai iş yerlərinin sayı artırıldı, həm də koronavirus təhlükəsi, karantin rejimi ilə bağlı fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə yardım edildi, işçilərin maaşlarının əhəmiyyətli qismi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Bununla da özəl sektorun bu dövrdən az itkilərlə çıxmasına nail olundu. Buna həm də krizis menecmenti kimi yanaşmaq lazımdır. Söhbət iqtisadiyyatın krizis dönəmində idarə edilməsindən gedir. Biz bu imtahandan üzüağ çıxdıq və postpandemiya dövrünə az itkilərlə yaxınlaşdıq”.

R. Quliyev DOST mərkəzlərinin fəaliyyətə başlamasının da sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürü olduğunu söyləyib: “Azərbaycanda 30-dan çox DOST mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. DOST mərkəzlərində 130-dan çox xidmətin göstərilir. Vətəndaşların DOST mərkəzlərinin fəaliyyətini bəyənmə əmsalı 96 faizə çatıb. Bu da DOST mərkəzlərinin insanların sosial məsələlərinin həllində effektli rol oynadığını göstərir. Sosial siyasət həm də Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsində özünü biruzə verir. Bu günə qədər 7600 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilib. Bu il 1500 şəhid ailəsinə evlər, mənzillər veriləcək və beləliklə, növbədə duran şəhid ailələrinin sayı 2 mindən az olacaq. Maksimum iki il ərzində bütün şəhid ailələri dövlət tərəfindən evlərlə təmin ediləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına 6 mindən çox minik maşını verilib, bu il də 400 maşının verilməsi nəzərdə tutulur. Azərbaycanda müharibədən əziyyət çəkmiş, öz yaxınlarını itirmiş ailələrin dövlət tərəfindən dəstəklənməsi, hesab edirəm, ən yüksək səviyyədədir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri ölkəmizin uğurlu inkişafında öz fəal rolunu oynayırlar və dövlət başçısı da hər zaman bunu qeyd edib: “Bir məqamı da qeyd etmək istəyirəm. Bizdə islahatlardan danışanda nədənsə 2018-ci ildən başlayırlar. Azərbaycanda islahatlar həmişə gedib. Sadəcə, son prezident seçkilərindən sonra islahatların tempi daha yüksək olub. Bu baxımdan yeni, gənc kadrların təyin edilməsi mühüm istiqamətlərdən biri olub. Azərbaycanda gənc nazirlər, İcra Hakimiyyəti başçıları var, gənclərə geniş şərait yaradılır. Yetər ki, gənclər peşəkar, savadlı, nümunəvi kadrlar olsun. Dövlət başçısı son çıxışında onu da qeyd etdi ki, gənclər yaxşı oxumalı, peşəkar olmalı, öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərməlidirlər. Onu da nəzərə almaq lazımdır ki, postpandemiya iqtisadiyyatı daha çox informasiya-kommunikasiya texnologiyaları üzərində qurulacaq və gənclər də yeni texnologiyaları daha yaxşı mənimsəyirlər. Nəzərə çatdırım ki. Azərbaycanda elektron hökumət, quruculu həyata keçirilir, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində əməliyyatların 90 faizə qədəri elektron formada həyata keçirilir. Yəni ölkəmiz bu sahədə də böyük inkişaf yolu seçib ”.

R. Quliyev koronavirus pandemiyası dövründə atılan addımların Azərbaycanın dünyada nüfuzunu daha da artırdığını vurğulayıb: “Azərbaycan bu günə qədər 13 ölkəyə və 3 beynəlxalq təşkilata yardım göstərib. Azərbaycan imkanları daxilində dünyaya hər zaman kömək etməyə hazır olduğunu ortaya qoydu. Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə ilk dəfə videokonfrans formatında  Türk Şurası və Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşləri ən yüksək səviyyədə təşkil edilib. Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktorunun hər iki Zirvə görüşünə qatılması,  Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşündə Avropa İttifaqının yüksək vəzifəli nümayəndəsinin iştirakı, Prezident İlham Əliyevə təşəkkürlərini bildirməsi xüsusi qeyd olunmalıdır. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatı Təmas Qrupunun və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu. Onu da qeyd edim ki, koronavirusla bağlı sərhədlərin, ölkələrin qapandığı, problemləri təkbaşına həll etməyə çalışdığı bir dövrdə Prezident İlham Əliyev ilk lider oldu ki, Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşündə dövlətləri birləşərək problemləri birgə həll etməyə çağırdı. Dövlət başçısı Azərbaycan təcrübəsini bölüşməyə hazır olduğunu bəyan etdi, ölkəmizin nəqliyyat-logistik infrastrukturunu istifadə üçün təqdim etməyə hazır olduğunu açıqladı.  Bununla da multilateralizm prinsipi ortaya qoyuldu. Multilateralizm dünyanın qloballaşması fonunda son 15 ildə səslənir. Bu prinsip iqtisadi birlikdə olan ölkələrin hər birinin bu birlikdən, beynəlxalq iqtisadi münasibətlərdən faydalanmasını nəzərdə tutur. Prezident İlham Əliyevin atdığı addımlar, çağırışlar məhz multilateralizm prinsipinə əsaslanır və bu, multilateralizm aspektində əməli fəaliyyət baxımından bir ilkdir. Prezident İlham Əliyev koronavirus pandemiyası dövründə Azərbaycanın dünyada nüfuzunu, imicini daha da yüksəltdi”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər