Deputat: "Tarif Şurasının qərarlarına görə camaatın qabağına çıxa bilmirik"

Deputat: "Tarif Şurasının qərarlarına görə camaatın qabağına çıxa bilmirik"
# 01 fevral 2021 12:06 (UTC +04:00)

“Möhtəşəm qələbəmiz Azərbaycan xalqını onun rəhbərliyi ilə bir daha birləşdirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, bu gün Azərbaycanın üstündə kabus əmələ gəlib ki, bu da Tarif Şurasıdır: “Heç kim bilmir ki, orada kimlər var. Gizli qərar verirlər. Bunların qəbul etdiyi qərarlar zəlzələ effekti verir. Biz Tarif Şurasının qərarlarına görə camaatın qabağına çıxa bilmirik. Konstitusiyaya əsasən, Azərbaycan dövlətinin ən ali məqsədi xalqın rifah halının yaxşılaşdırılması olmalıdır. Tarif Şurası xalqın rifah halını yüksəltməklə bağlı dövlətin ali məqsədini məhdudlaşdırır. Biz təcili Tarif şurasını ləğv etməliyik. Ya da Tarif Şurasının qərarları bizə məruzə olunmalıdır. Əvvəllər xalq aprel ayını gözləyirdi ki, ucuzlaşma olacaq, indi əksi baş verir. Bu qərarlar cənab Prezidentin bu cür qələbə addımlarını kölgə altına alır”.

Deputat Erkin Qədirli isə təklif edib ki, partiyalara Milli Məclisin iclaslarında mövqe bildirmək üçün imkan yaradılmalıdır: “Burada səs çoxluğu olan partiyaya bir söz demirəm. Amma digər partiyalar da öz mövqeyini ifadə etməlidir”.

Deputat bildirib ki, Tarif Şurasının qərarları büdcəyə müdaxilədir: “Tarif Şurasında nazir müavinləri iştirak edir. Tarif Şurasının ləğv edilməsini demirəm, amma bu məsələ həllini tapmalıdır. Eləcə də müəyyən cərimə yığan qurumlar cərimələrin bir hissəsini özündə saxlayır. Bu da büdcəyə müdaxilədir. Parlamentdən kənar büdcəyə müdaxilə olmamalıdır. Lazım gələrsə, bununla bağlı Prezidentə də müraciət edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR