Deputat: “Tovuzda baş verən son hadisələr Ermənistanın təxribatının nəticəsidir”

Deputat: “Tovuzda baş verən son hadisələr Ermənistanın təxribatının nəticəsidir”
# 13 iyul 2020 15:52 (UTC +04:00)

“Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir və regionda lider olacağı şübhəsiz idi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, professor Rüfət Quliyev bildirib.

R. Quliyev deyib ki, bu, Azərbaycan iqtisadiyyatının inkişafına, dayanıqlılığına və ölkədə aparılan sosial-iqtisadi islahatlara və inkişafa söykənir: “İstənilən ölkənin sosial rifahı, hərbi qüdrətli, iqtisadiyyatın dayanıqlılığı, siyasi stabilliyi də iqtisadiyyatın inkişafına bağlıdır. Pandemiyanın özü bütün ölkələr üçün böyük bir imtahan oldu. İmtahanın birinci mərhələsindən ölkələrin necə çıxması bu gün göz önündədir. Bu nəticələr dövlətlərin sosial siyasətindən xəbər verir. Azərbaycanın son 15 il ərzində inkişafı bu imtahandan üzüağ çıxmağımızda kömək etdi. Hətta 2008-2009-cu illərdə bütün dünya maliyyə böhranı ilə üz-üzə olanda da Azərbaycanda makroiqtisadi göstəricilər kifayət qədər yüksək idi. Yəni bu mötəbər qurumun hesabatında Azərbaycanın bu cür yüksək yer tutması ümumən ölkədə həyata keçirilən siyasətin parlaq təzahürüdür. Azərbaycanda qurulan sosial-iqtisadi model çox uğurludur. Biz iki dəfə devalvasiyaya məruz qalsaq da, bu, makroiqtisadi göstəricilərimizə təsir etmədi. Hətta həmin dövrdən Azərbaycan iqtisadiyyatı yeni formatda inkişaf etdirilməyə başladı”.

Deputat qeyd edib ki, koronavirus pandemiyasının kəskin yayıldığı dövrdə dünya iqtisadiyyatı süni koma vəziyyətinə gətirildi: “Hətta bu zaman da Azərbaycanda sosial-iqtisadi model uğurlu olduğunu bir daha təsdiqlədi. Azərbaycanda daim islahatlar aparılıb. Sadəcə, bəzi vaxtlarda islahatların kəmiyyəti az, keyfiyyəti güclü olub, ya da islahatların aparılma mexanizmlərində böyük dəyişikliklər baş verib. Azərbaycanda 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkə iqtisadiyyatı yeni bir xətlə inkişafa başladı. Son 3 ildə aparılan islahatlar keyfiyyət və mahiyyətcə fərqlənir. Bu gün bizim ən böyük hədəfimiz kiçik və orta sahibkarlığın inkişafıdır. Yaponiya, İspaniya, Almaniya, ABŞ kimi ölkələrdə kiçik və orta biznesin ÜDM-də payı 55-65% arasında dəyişir. Bu da göstərir ki, orta sinfin formalaşması bu ölkələrdə tamamlanıb. Azərbaycanın da məqsədi 2025-ci ilə qədər kiçik və orta sahibkarlığın ÜDM-də payının 50%-dən çox olmasının təmin edilməsidir. Bəlkə də pandemiyanın müsbət cəhəti ondan ibarət olacaq ki, biz bu hədəflərə daha tez çata bilək. BMT-nin hesabatlarında Azərbaycan öncül yerlərdə qərarlaşması, postsovet məkanında isə lider mövqeyində olması çox vacib göstəricidir”.

R. Quliyev islahatların davam edəcəyini də vurğulayıb: “Bütün bu addımlarda əsas məqsəd insanların rifahının və hərbi gücümüzün artırılmasıdır. Biz daim Dağlıq Qarabağ probleminin hərbi yolla həllinə hazır olmalıyıq. Aprel döyüşlərində biz buna qadir olduğumuzu göstərdik. Tovuzda baş verən son hadisələr Ermənistanın təxribatının nəticəsidir. Onlar ölkədə gedən neqativ proseslər, iqtisadi problemlər, siyasi böhranın nəticəsi olaraq onlar bu təxribatı etdilər. Bu gün Ermənistanın borcu büdcəsindən çoxdur, milli iqtisadiyyat yox səviyyəsindədir. Ermənistan daha çox Rusiya şirkətləri tərəfindən idarə olunur. İnsanları bu problemlərdən uzaqlaşdırmaq üçün Ermənistan yenə də həyasızcasına bu addımları atdı. Gözə kül üfürmək üçün onlara müharibə lazım idi. Bu, yanlışdır. Dünya Ermənistanın işğalçılığına yox deyib. Ümid edirik və bilirik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan gündən-günə daha da qüdrətli və nüfuzlu dövlətə çevrilir. Bu gün Azərbaycanı dünya qəbul edir və hesablaşır. Özü-özünü dolandıra bilməyən Ermənistanın başında duranlar bu ölkənin iddiaları ilə bağlı təkrar düşünməli, Sərkisyanın etdiyi səhvləri etməməlidirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR