Deputat: “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə və qazilərə qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır”

Deputat: “YAŞAT” Fondunun yaradılması şəhid ailələrinə və qazilərə qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır”
  • Clock-gray 18:41
  • calendar-gray 09 Dekabr 2020

“Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Hazırkı dövrə kimi Azərbaycan dövləti bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, onların mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Millət vəkilinin sözlərinə görə, dövlətin gördüyü işlərlə yanaşı vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün əllərindən gələni edirlər: “Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Məhz bu reallığı nəzərə alaraq, müvafiq vahid platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb”.

Fatma Yıldırım xatırladıb ki, Vətən müharibəsi dövründə xalqımız, bütün vətəndaşlarımız öz imkanları çərçivəsində əsgərlərimizə, şəhid ailələrinə dəstək olmağa çalışırdı: “Döyüşlərin davam etdiyi günlərdə evində çörək, yemək bişirib əsgərlərimizə göndərən, isti paltarlar alıb hərbçilərimizə yollayan nə qədər insanlarımızı gördük. Bu gün də bu proses davam edir, şəhid ailələrinə, qazilərimizə dəstək göstərilir. Bütün bunlar bir daha təsdiqləyir ki, humanizm, xeyirxahlıq bizim xalqımıza xas olan xüsusiyyətdir. İndiki məqamda, belə bir fondun yaradılması və onun mərkəzləşmiş formada təşkil olunması çox önəmlidir. Fondun fəaliyyəti şəhid ailələrinə, qazilərimizə qayğının bariz nümunəsi olacaq”.

Deputat “YAŞAT” Fondunun fəaliyyətində şəffaflığın təmin olunacağını xüsusi vurğulayıb: “Dövlətimizin başçısının fərmanında bu məsələ öz əksini aydın şəkildə tapıb. Fərmanda qeyd olunduğu kimi, şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Şəffaf formada fəaliyyət göstərəcək bu fond sayəsində yardımlar mərkəzləşmiş şəkildə toplanaraq lazımi ünvanlara, ehtiyacı olanlara çatdırılacaq. Bütövlükdə, hesab edirəm ki, bu fondun yaradılması ölkəmizdə şəhid ailələrinə və qazilərimizə olan qayğının daha da gücləndirilməsi istiqamətində önəmli addımdır. Fikrimcə, bütün dünya azərbaycanlıları bu xeyirxah işdə fəal şəkildə iştirak edəcəklər”.

apa-logo-mini

Digər xəbərlər