Elman Rüstəmov: "Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulub"

Elman Rüstəmov: "Pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulub"
# 16 iyul 2020 03:04 (UTC +04:00)

“Sığorta sistemində də ilin əvvəlindən artım var, yığımlar 13,5 faiz artırılmışdır. Kapital bazarlarında canlanmanı təşviq edirik. Bu günlərdə “SOCAR Polymer Invesment” Məhdud Məsuliyyətli Cəmiyyəti daxili bazarın istiqraz emissiyası vasitəsilə 200 milyon dollar vəsait cəlb etmişdir, Azərbaycan banklarını öz ehtiyaclarına uyğun təmin etmişdir. Bu vəziyyətdə təbii ki, təmassız ödəniş sistemlərinin, elektron ödəniş sistemlərinin üzərinə olduqca böyük iş düşmüşdür. İlkin qiymətləndirməyə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyata 37 faiz, təmassız kartların sayı 2 dəfə, təmassız ödənişlər 5 dəfə, elektron ticarət 53 faiz, bankçılıq 2,2 dəfə, internet bankçılıq isə 84 faiz artmışdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, pandemiyanın nəticələrini aradan qaldırmağa imkan verən antiböhran tədbirlərinə Mərkəzi Bank da qoşulub: “Hazırda bizim verdiyimiz requlyativ güzəştlərə uyğun olaraq, banklara 1 milyard manat məbləğində kreditlərin restrukturizasiyası ilə əlaqədar 64 mindən çox müraciət olunmuşdur. Banklar tərəfindən bu müraciətlərə operativ baxılır. Artıq biznes kreditlər üzrə 58 faiz, ipoteka kreditləri üzrə 77 faiz, əhalinin istehlak kreditləri üzrə isə 84 faiz müraciətlər icra edilib, restrukturizasiya olunub. Əhaliyə biznesə möhlətlər verilib və bu, onlara bir qədər yüngüllük gətirir. Çünki onlar pandemiya dövründə öz gəlirlərini itiriblər.

Bankların nağdsız ödənişlər üzrə xidmət haqlarını biz 50 faizə qədər aşağı salmışıq.

Cənab Prezident, insanların hərəkət imkanları məhdud olduğuna görə müddəti başa çatan təqaüd kartlarının müddətini onların müraciətlərinə əsasən sentyabrın sonuna qədər uzatmışıq. Lazım gəlsə, situasiyadan asılı olaraq bu tədbiri davam etdirəcəyik.

Sizin göstərişinizlə may-iyun aylarından ölkədə işsiz kimi qeydiyyata alınan 600 min nəfərə operativ qaydada bank hesabı açılması, onlara ödəniş kartlarının verilməsi təmin olunmuşdur. Artıq may-iyun aylarındakı ödənişlər tam şəkildə bank hesabları və bank kartları vasitəsilə təmin edilmişdir. Bankların özünüməşğulluq proqramında aktivliyi davam etdirir. Aprel ayından başlayaraq 200-ə yaxın, 800 min manatdan çox belə kredit verilmişdir. Proqram qəbul olunubdur, ilin sonuna qədər bu proqram 1000 nəfərdən çox insanı əhatə edəcək. Bizim məqsədimiz təkcə o kreditləri ödəmək deyil. Biz istəyirik onlara iş yerləri, gəlirlər yarada bilən aktiv, dayanıqlı mikrobizneslərin yaradılmasını təmin edək ki, bu insanlar aktivlərdən uzun müddət istifadə etsinlər.

Real sektorun maliyyə imkanlarına çıxışını genişləndirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə 200 milyon dollar həcmində çərçivə sazişi bağlanılıb. Bu, Sizin Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi ilə danışıqlarınızdan sonra baş verib. Birinci tranş 50 milyon dollardan artıq reallaşmasına başlanıb. Bu kreditlər real sektorda olan müəssisələrə yönəldilməyə başlanmışdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR