Millət vəkili: “Şikəst doğulmuş “Milli Şura” artıq iflic durumundadır”

Millət vəkili: “Şikəst doğulmuş “Milli Şura” artıq iflic durumundadır”
# 17 may 2020 19:54 (UTC +04:00)

“Yayılan videokonfranslarla “Milli Şura” adlı dərnəkdəkilər bir daha öz mahiyyətlərini ortaya qoyub, özlərini bir daha cəmiyyətdə biabır etdilər”.

Bunu APA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, özlərini cəmiyyətə radikal mövqeli qüvvələr kimi təqdim edənlər Azərbaycan hakimiyyətindən, parlamentdən guya nümunə götürməyə, geri qalmamağa çalışaraq toplantılarını videokonfrans formasında keçirməyə çalışıblar: “Ancaq bu videokonfranslar radikal müxalifətin tam fiaskosu ilə nəticələndi. Bu videokonfranslar “Milli Şura” adlı dərnəyin və bu dərnəkdəkilərin cılız hissələrlə yaşadığını, küçə jarqonları ilə danışdığını, ədəb-ərkan normalarını pozduqlarını ortaya qoydu. Əslində “Milli Şura” yaranan gündən naqis doğulmuşdu. Çünki Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən oliqarxların bir araya gəldiyi “Milyarderlər İttiqafı”nın sifarişi ilə yaradılıb”.

Millət vəkili qeyd edib ki, videkonfranslar Milli Şuradakıların səviyyəsizliyini ortaya qoyur: “Videokonfranslar bir daha Milli Şuranın xaricdəki qüvvələrin istifadə etdiyi bir vasitə olduğunu təsdiqlədi. Gültəkin Hacıbəylinin söylədikləri də bunu göstərir. Aydın olur ki, onlar hazırda Qərbin tələbini yerinə yetirmək üçün çalışırlar. Videokonfranslarla Milli Şuradakılar özlərini ifşa etdilər. Ona görə də bu dərnəkdən istefalar davam edəcək. Yeri gəlmişkən, bu biabırçılıqdan özünü sığortalamaq üçün Rüstəm İbrahimbəyov da bəyan etdi ki, artıq 4 ildir ki, Milli Şura ilə əlaqəsi yoxdur, yalnız Cəmil Həsənli ilə əlaqəsi var, o da ABŞ-da yaşayır. Əslində fəxri üzv kimi qaldığını desə də, bu münasibəti və siyasətlə məşğul olmadığını, uzun müddətdir yaradıcılıqla məşğul olduğunu bəyan etməklə Rüstəm İbrahimbəyov da bir növ Milli Şuradan imtina etmiş oldu”.

T. Kərimli bildirib ki, bu, “Milli Şura”nın tam fiaskosudur: “Sosial bazası çox daralmış, etimadı itirmiş, cılız populist iddialarla çıxış edən, mənəvi dəyərlərə sayğısız yanaşan insanların bir araya gəldiyi dərnək olan “Milli Şura” bu videokonfranslarla özünün labüd sonluğuna çatır. Şikəst doğulmuş “Milli Şura” artıq iflic durumundadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR