Prezidentə minnətdarlıq məktubları: “Siz bizim güclü Liderimizsiniz, biz Sizinləyik”

Prezidentə minnətdarlıq məktubları: “Siz bizim güclü Liderimizsiniz, biz Sizinləyik”
# 24 iyun 2020 11:58 (UTC +04:00)

Vətəndaşlar respublikanın müxtəlif bölgələrindən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təşəkkür məktubları göndərməyə davam edirlər.

APA məktublardan bəzilərini təqdim edir:

“Şəfiqə Almasovadan, Yardımlı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Siz öz şərəfli fəaliyyətiniz, xalqımızın yolunda göstərdiyiniz misilsiz fədakarlığınızla artıq çoxdan sübut etmisiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz. Şəhid ailələrinə qayğı və diqqətinizi biz, şəhid ailələri çox yüksək qiymətləndiririk. Mən Milli Qəhrəman anası kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Sizin tapşırığınızla mənim ailəmə hər cür qayğı göstərilir. Öz canını Vətən yolunda qurban vermiş şəhid ailələri adından Sizə cansağlığı, uzun ömür, gərgin fəaliyyətinizdə yeni böyük uğurlar arzulayıram.

Hörmətlə,

Almasova Şəfiqə Azay qızı

Yardımlı rayonu Telavar kənd sakini, Milli Qəhrəman Bəhruz Mansurovun anası

Azərbaycan Respublikası, Yardımlı rayonu”.

“Hörmətli cənab Prezident.

Sizin COVID-19 pandemiyasına qarşı mübarizəyə dair çıxışlarınız, gördüyünüz işlər, insanların sağlamlığını hər şeydən vacib bilməyiniz, tibb işçilərinin xidmətlərinə verdiyiniz yüksək qiymət hər bir azərbaycanlı kimi məni də sevindirir. Hazırda pandemiya ilə mübarizədə qazandığımız uğurların hamısı Sizin zəhmətiniz sayəsindədir. Vətəndaşların firavan yaşaması Sizin, eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əsas məqsədinizdir. Bizim də məqsədimiz və vətəndaşlıq borcumuz hər zaman Sizin və Mehriban xanımın yanınızda olmaq, vətənimizin gözəlləşməsi, özümüzün və ailəmizin sağlam qalması üçün əlimizdən gələni etməkdir. Sizə səmimi qəlbdən təşəkkür edir, cansağlığı arzu edirəm.

Hörmətlə,

Kazımov Tərlan Sabir oğlu

2-ci qrup əlil, özünəməşğulluq proqramına cəlb olunmuş sahibkar

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi”.

“Əziz Prezidentimiz.

Siz məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görmüsünüz. Respublikamızın müxtəlif şəhər və rayonlarında salınan yaşayış kompleksləri, müasir qəsəbələr, tikilən çoxmənzilli binalar bunun əyani sübutudur. Bu yaşayış komplekslərinin, qəsəbələrin açılış mərasimlərində Sizin şəxsən iştirak etməyiniz, yeni mənzillərə köçən insanlara xeyir-dua verməyiniz bizim üçün çox dəyərlidir.

Bizim ailə Laçın rayonundan məcburi köçkün düşdükdən sonra Ağcabədiyə pənah gətirmişdir. O vaxtdan çətin şəraitdə yaşayırdıq. “Taxta körpü” adlanan ərazidə yeni salınmış 144 mənzilli qəsəbədə bizim ailəyə də hər bir şəraiti olan mənzil verilmişdir.

Cənab Prezident, mənzillə təmin olunduğumuz üçün ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. Allah köməyiniz olsun.

Hörmətlə,

Alməmmədov Nüsrət Bayramqulu oğlu

Laçın rayonundan məcburi köçkün

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Xalqımızın hörmətli və sevimli Prezidenti.

Bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə bu son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də “Evdə qal”, “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir.

Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Biz Sizinlə güclüyük.

Laçın rayonundan olan məcburi köçkünlər adından hörmətlə,

Allahverdiyeva Gülxar

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi”.

“Hörmətli cənab Prezident.

Sizin apardığınız daxili və xarici siyasətin nəticəsində, Azərbaycan biz gənclərin gözü önündə yüksək inkişaf etmişdir. Dövlətimiz Sizin siyasi iradəniz və qabaqcıl səyləriniz nəticəsində COVID-19 pandemiyası şəraitində beynəlxalq aləmdə həmrəyliyin və əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Biz gənclər bu gün hər bir şəraiti, əmin-amanlıq olan dövlətdə yaşayır, heç bir qlobal və beynəlxalq problemi düşünmədən çalışırıq. Çünki bizim Sizin kimi uzaqgörən, müdrik Prezidentimiz var.

Möhtərəm cənab Prezident, bundan sonra apardığınız düşünülmüş və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Quliyev Pünhan İlham oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu”.

“Əziz Prezidentimiz.

Koronavirusun dünyanı cənginə aldığı dövrdə ölkəmizdə bu bəlaya qarşı gördüyünüz qabaqlayıcı tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, ölkəmizin gələcəyi naminə gördüyünüz bütün tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Tanrı Sizi qorusun.

Hörmətlə,

Qasımov Əbülfəs Natiq oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu”.

“Çox hörmətli cənab Prezidentimiz.

Biz, Mingəçevir şəhəri “İncilli“ adlanan yaşayış massivinin sakinləri Sizə və Mehriban xanıma dərin təşəkkür edirik.

Uzun illərdən bəri yolumuzun yararsız vəziyyətdə olması bizə çox çətinliklər yaradırdı. Yayda toz-torpaqdan, payız və qış aylarında isə palçıq əlindən əziyyət çəkirdik. Özümüzün işə, uşaqlarımızın da məktəbə gedib-gəlməsində problem yaranırdı. Bir neçə gün əvvəl bu yolda təmir işlərinə başlanılması sakinləri hədsiz sevindirmişdir.

Eyni zamanda, qeyd etməyi özümüzə borc bilirik ki, Mingəçevirin sanki bir rəmzi olan “Azərbaycan” İstilik Elektrik Stansiyasının Sizin tapşırığınızla yenidənqurma işləri sayəsində bu günün standartlarına cavab verən bir müəssisəyə çevrildiyinin şahidiyik. Bir sözlə şəhərimiz inkişaf edir, insanların güzəranı daha da yaxşılaşır.

Hörmətli Prezidentimiz, stansiyada görülən işlər, yolumuzun əsaslı təmiri üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Allah Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı versin.

Hörmətlə,

Quliyev Cəfər Almas oğlu

Rəsulov Sahib Abdulla oğlu

Mikayılov Həsən Nizami oğlu

Süleymanova Mehriban Sahib qızı

Alıyev Baloğlan Məstan oğlu və başqaları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

“Hörmətli cənab Prezident.

Pandemiya dövründə vətəndaşlara, eləcə də sahibkarlara və fermerlərə yaratdığınız şəraitə və verdiyiniz dəstəyə görə Sizə öz adımızdan, Cəlilabad rayonunun Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından təşəkkür və minnətdarlığımızı bildiririk.

Kənd sakinləri olaraq, Sizin yürütdüyünüz siyasətin müsbət nəticələrini, qayğınızı və dəstəyinizi daim öz üzərimizdə hiss edirik. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusa yoluxma və tələfat səviyyəsinin aşağı olması Sizin gərgin əməyinizin nəticəsidir. Kənd sakinləri bu çətin dövrdə yaradılmış şəraitdən bəhrələnərək əkib-becərdikləri kartofu həm daxili, həm də xarici bazarlara çıxara bilmişlər. Bu, bizim üçün çox şey deməkdir.

Dualarımız və minnətdarlığımız daim Sizinlədir, cənab Prezident.

Təzəkənd, Söyüdlü və Muğan kəndlərinin sakinləri adından hörmətlə,

Salayev Mirəziz Yəhya oğlu

Nuralıyev Elməddin Allahverdi oğlu

Adıgözəlov Azad Möhtəmən oğlu

Sadiqov Rasif Əzizxan oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

“Hörmətli cənab Prezident.

Pandemiya dövründə Sizin tibb işçilərinə göstərdiyiniz diqqət və qayğını hiss edirik. Məni 17 iyun - tibb işçilərinin peşə bayramı münasıbətilə səhiyyə sahəsində xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif etmisiniz. Buna görə Sizə dərin hörmət və minnətdarlığımı bildirirəm. Uca Allah Sizi qorusun.

Hörmətlə,

Muştakov Şirin Ağaşirin oğlu

Azərbaycan Respublikası, Qəbələ şəhəri”.

“Hörmətli cənab Prezident.

Mənə “Əməkdar həkim” fəxri adı verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu təkcə mənə yox, bütün Azərbaycan və Masallı səhiyyəsinə verilən qiymətdir. Söz verirəm ki, gələcəkdə də Azərbaycan xalqına və Sizə sədaqətlə xidmət edəcəyəm.

Hörmətlə,

Cəlil Nəzərov

Azərbaycan Respublikası, Masallı rayonu.

“Çox hörmətli cənab Prezident.

Sizin yüksək dünyagörüşünüzə, sağlam düşüncənizə, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığınız addımlar, qabaqlayıcı və təxirəsalınmaz tədbirlər öz nəticəsini verməkdədir. Ümumbəşəri bəla olan koronavirus pandemiyası ilə mübarizədə dünyanın inkişaf etmiş dövlətlərinin belə aciz qaldığı vəziyyətdən minimum zərərlə çıxmağımızı, son dövrlərdə ölkəmizdə zəruri tibbi vasitələr, avadanlıq və ləvazimatlar ilə təminatın yaxşılaşdırılması, ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının istifadəyə verilməsi, xaricdə çalışan həkimlərimizin ölkəmizdə gedən proseslərə cəlb edilmələri, xalqın rifahı naminə göstərdiyiniz diqqət və qayğı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Cənab Prezident, bu çətin dövrdə ölkəmizdə yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi də təqdirəlayiqdir. Bunun təzahürünü öz kəndimizdə də görürük.

Kəndimizdə suvarma ilə bağlı heç bir problem yoxdur. Bu da əhalinin əkin-biçin işləri ilə məşğul olmasında ruh yüksəkliyi yaradır. Biz kəndlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Mirzəyev Natiq Qəfərağa oğlu

İbrahimov Muzadil Zakir oğlu

Kərimov Rəşad Malik oğlu

Hüseyinov Seymur Habil oğlu

Məlikov Samir Fəxrəddin və başqaları”.

“Möhtərəm cənab Prezident.

Biz Mingəçevir şəhərində “Tərəvəzçilik sovxozu” adlanan ərazidə yaşayırıq. Yaşayış vəziyyətimizin yaxşılaşdırılması üçün Sizə müraciət etmişdik. Həmin müraciətdən sonra təbii qaz, içməli su və elektrik enerjisi ilə təminatımız normal vəziyyətə gətirilmiş, yolumuzun bir hissəsi asfaltlanmışdır. Burada yaşayan insanlar görülən işlərdən razı qalmışlar.

Odur ki, göstərilən köməyə görə bütün sakinlər adından Sizə öz təşəkkürümüzü bildiririk. Sizə və ailənizə ömür boyu firavan və qayğısız həyat arzulayırıq.

Hörmətlə,

Süleymanov Mehman Saleh oğlu

Kərimov Calal Ramiz oğlu

Rüstəmov Urfan Zülqədər oğlu

Səlimov Rövşən Məhərrəm oğlu və başqaları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

“Hörmətli cənab Prezident.

Sizin bu çətin günlərdə vaxtında və düzgün qəbul etdiyiniz qərarlar biz vətəndaşların sağlamlığı üçündür. Siz hər zaman öz vətəndaşınızın sağlamlığını və yaxşı yaşamasını düşünürsünüz. İnanıram ki, biz Sizin düzgün qərarlarınız sayəsində hər bir çətinlikdən alnıaçıq, üzüağ çıxacağıq. Mən bütün xalqımız adından Sizə işlərinizdə yeni uğurlar arzulayıram. Siz bizim güclü Liderimizsiniz. Biz Sizinləyik. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Paşa Əhmədov

Azərbaycan Respublikası, Füzuli rayonu”.

“Hörmətli cənab Prezidentimiz.

Öncə respublikamızın inkişafı, dünyada nüfuzunun artması, sayılıb-seçilməsi istiqamətində apardığınız işlərə, aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya, müharibə veteranlarına və şəhid ailələrinə, həmçinin bütün xalqımıza göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Hazırki ağır dövrdə ölkəmizin inkişafına əngəl yaradan mənfi hallara, korrupsiya və rüşvətxorluğa qarşı apardığınız amansız mübarizə bütün xalqımız kimi, məni də, bizim ailəmizi də sevindirir, qürurlandırır. Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, bizim belə humanist, qayğıkeş və mübariz Prezidentimiz vardır. Biz ağcabədililər ulu öndərimiz Heydər Əliyevin də siyasi xəttini həmişə bəyənib dəstəkləmişik. Hazırda Sizin Ulu Öndərin siyasətini uğurla davam etdirməyiniz qəlbimizi sevinc hissi ilə doldurur. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, varsınız, yaxşı ki, bizim Prezidentimizsiniz. Allahdan Sizə cansağlığı, ailə səadəti və işlərinizdə daha böyük müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Bünyatov Mübariz Adil oğlu

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Pərioğlular kəndi”.

“Hörmətli cənab Prezident.

Siz təkcə Azərbaycan vətəndaşlarının deyil, dünyada hər kəsin sağlamlığını düşünürsünüz. Təsadüfi deyil ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus Sizə ünvanladığı məktubda Azərbaycan hökumətinin COVID-19-a qarşı mübarizəsini yüksək qiymətləndirib, Sizin milli, regional və qlobal səviyyələrdə çoxtərəfli diplomatiyaya və həmrəyliyə dəstəyinizi nümunəvi adlandırıb.

Cənab Prezident, Vətənimizin daha gözəl və qüdrətli olması, insanlarımızın daha xoşbəxt və firavan yaşaması Sizin və Azərbaycanın Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın gərgin və yorulmaz birgə fəaliyyətinizin əsas məqsədidir. Son illərdə Azərbaycan dövləti Sizin düşünülmüş siyasətiniz və müdrik rəhbərliyiniz sayəsində ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq davamlı inkişaf edir. Əminik ki, bu gün yaşadığımız bu mürəkkəb dövr tezliklə sona çatacaq, Vətənimiz yenə də Sizin rəhbərliyinizlə hər sahədə durmadan irəliləyəcək. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız bu gün dillər əzbəridir. Biz isə deyirik: “Biz Sizinlə güclüyük, möhtərəm Prezident”. Sizə xoşbəxtlik, gördüyünüz hər işdə böyük uğurlar və yeni-yeni qələbələr arzulayırıq.

Hörmətlə,

İsrafilov İmanverdi Cavad oğlu

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

“Əziz Prezidentimiz.

Ölkəmizdə gedən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatı sahəsinin dirçəldilməsi ölkənin sosial-iqtisadi inkişafına, xüsusən də regionlarda yaşayan insanların məşğulluğunda müstəsna rol oynayır. İndi fermerlər əkin-biçinə daha həvəsli görünürlər. Dövlətin qayğısı sayəsində suvarma suyu təminatı ildən-ilə yaxşılaşır, texnikalar alınır, subsidiyalar ayrılır, gübrələr güzəştli şərtlərlə verilir.

Qeyd etmək istəyirik ki, Salyan rayonunun Xələc kəndində üzüm, bostan, tərəvəz, kartof, pambıq, taxıl məhsulları əkilib-becərilir. Məhsuldarlığı da ildən-ilə yüksəltməyə çalışırıq.

Cənab Prezident, aqrar sahənin inkişafına verdiyiniz dəstəyə, həmçinin rayonumuzda gedən abadlıq-quruculuq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Allah Sizi, ailənizi və xalqımızı qorusun.

Xələc kənd sakinləri adından dərin hörmətlə,

Məmmədov Əlivahid Məmmədəli oğlu

Qasımov Təyyar Bağır oğlu

Əlizadə Namik Faiq oğlu

Canəliyev Dünyamalı Yoldaşəli oğlu

İbrahimov Əzizağa Hüseynağa oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Xələc kəndi”.

“Hörmətli cənab Prezident.

"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında imzaladığınız sərəncam Siyəzən rayon ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilir. Bir təhsil işçisi, coğrafiya müəllimi kimi hesab edirəm ki, imzaladığınız bu Sərəncam rayonumuzda həm turizmin coğrafiyasını genişləndirəcək, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verəcəkdir. 2015-ci ildə Sizin iştirakınızla açılışı olan “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından nə qədər mühüm əhəmiyyət daşıdığı və regionumuza gələn turistlərin sayının dəfələrlə artmasına göstərdiyi təsir göz qabağındadır. Əminəm ki, bu Sərəncamın nəticəsi də regionumuzun inkişafına olduqca müsbət təsir göstərəcəkdir. İstər tarixi, istərsə də coğrafi baxımdan mühüm əhəmiyyət kəsb edən "Beşbarmaq dağı" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda aparılacaq işlərə uğurlar arzu edir, bir Siyəzən rayon sakini olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.

Yaşasın inamla uğurlara imza atan müstəqil Azərbaycan.

Hörmətlə,

Qurbanov Tamerlan Nazim oğlu

Azərbaycan Respublikası, Siyəzən şəhəri”.

“Hörmətli cənab Prezident.

Son aylarda dünyada COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda da çətin günlər yaşanır. Dövlətimiz Sizin rəhbərliyiniz sayəsində əhalinin sağlamlığının çox ciddi və mütəşəkkil şəkildə qorunması üçün mübarizə aparır.

Sizin Sərəncamınız əsasında Balakən rayonundakı Qullar, Tülü və Talalar kəndlərindən keçən yolların asfaltlanması hər üç kəndin sakinlərinin böyük sevincinə və bayram əhval-ruhiyyəsinin yaşanmasına səbəb oldu.

Hörmətli cənab Prezident, Siz həmişə xalqımızın çətin və dar günlərində bizim yanımızda olaraq bizə dayaq olmusunuz. Dövlətimizin bu çətin günündə Tülü kəndinin sakinləri üçün belə gözəl şərait yaratdığınıza görə kənd sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı, bərəkətli və xoşbəxt ömür arzulayırıq. Allah Sizin kölgənizi dövlətimizin üzərindən əskik etməsin. Sizin varlığınız dövlətimizin daha da inkişafı, Dağlıq Qarabağımızın işğaldan azad olunması, xalqımızın daha firavan və xoşbəxt yaşaması deməkdir.

Biz, Tülü kənd sakinləri həmişə dövlətimizin və Sizin uğurlu siyasətinizi dəstəkləyirik, hər zaman Sizə arxalanırıq. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Namazov Taleh

Qurbanov Elşən

İsmayılova Elmira

Nəbiyev Sabir

Yetərov Sərxan

Rəşidova Gülbəniz

Alqayev Lətif

Alagözova Möminət

Məmmədova Zamirə

Yetərov Xəlil

Layıcov Almaz

Yetimova Elmira

Qarayeva Şəfiqə

Namazova İntizar

Atayeva Simuzər

Alqayeva Sanur

Atayeva Zərifə

Hüseynova Türkan

Sabirov Məhəmməd

Atayev Hicran

Puçaxova Sevil

Azərbaycan Respublikası, Balakən rayonu, Tülü kəndi”.

“Hörmətli və əziz Prezidentimiz.

Biz Sizinlə qürur duyuruq. Siz Ulu Öndərin başladığı bütün işləri uğurla davam etdirir, Azərbaycanımızı inkişafı üçün yorulmadan çalışırsınız.

Sizin tapşırığınız əsasında bu günlərdə kənd yolumuza asfalt örtük salınmışdır. Yollarımız təmir olunan zaman plana uyğun olaraq yolumuz bir az da genişləndirilmiş, həmçinin yol kənarında səliqəsiz hasarlar sökülüb yenidən çəkilmişdir.

Mənim də hasarımın bir hissəsi yola yaxın düşdüyü üçün sökülmüşdü. Yolun çəkilişindən sonra qısa müddət ərzində həyətimin hasarı hörülərək mənə təhvil verildi.

Hazırda geniş, rahat yolumuz və səliqəli hasarlarımız var. Buna görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əmirova Şövkət Əsəd qızı

Azərbaycan Respublikası, Ağdam rayonu, Təzəkənd kəndi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR