Qarabağ bölgəsində səsvermə prosesi başlayıb

Qarabağ bölgəsində səsvermə prosesi başlayıb
# 09 fevral 2020 08:56 (UTC +04:00)

Qarabağ bölgəsində Milli Məclisinə seçkilərdə səsvermə prosesi başlayıb.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, bölgədə seçkiləri ATƏT və MDB-dən olan nümayəndələrin müşahidə aparması gözlənilir.

Ərazisinin bir hissəsi işğal altında olan Ağdam rayonunda parlament seçkilərinə start verilib. 119 saylı Ağdam kənd Dairə Seçki Komissiyasının tərkibində 39 açıq, 3 qapalı seçki məntəqəsi fəaliyyət göstərir. Ümumilikdə 42447 nəfər seçici millət vəkilini seçmək üçün səsvermə hüququndan istifadə edəcək. Səsvermə prosesini 600 nəfərdən çox müşahidəçi izləyəcək.

119 saylı Ağdam kənd DSK üzrə parlamentdə bir yer uğrunda 8 namizəd mübarizə aparır. Seçki məntəqələrinin çoxu cəbhəyanı yaşayış məntəqələrində və ya köçkün qəsəbələrində yerləşir. 2 məntəqədə isə vebkameralar vasitəsilə seçkilərin gedişatına dünyanın istənilən yerindən baxmaq mümkündür.

40400 seçicisi olan 118 saylı Ağdam şəhər Dairə Seçki Komissiyasında səs verəcək seçicilərin hamısı məcburi köçkündür. 46 məntəqənin 23-ü Bakı şəhərinin müxtəlif rayonlarında, 2-si Abşeron rayonunda 21-i isə Bərdə rayonunun müxtəlif rayonlarında yerləşir. Bu seçki dairəsi üzrə 670 nəfər müşahidəçi qeydiyyatdan keçib.

Laçın rayonunun ərazisi Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu üçün 121 saylı Laçın Dairə Seçki Komissiyasının əhatə edən məntəqələr respublikanın 58 şəhər və rayonunda, o cümlədən laçınlı məcburi köçkünlərin daha çox məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində yerləşir. Dairənin tərkibinə daxil olan 102 seçki məntəqəsi üzrə 47 min 827 seçici qeydə alınıb. Seçicilərdən 1780 nəfəri ilk dəfə səs verəcək. Seçicilərin 1790 nəfəri 80-100 yaş arasındadır, 8 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Parlament seçkiləri 81 sayı Beyləqan seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulur. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 541 müşahidəçi izləyir. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.

Seçkilər 82 saylı Ağcabədi seçki dairəsinin 46 seçki məntəqəsində keçirilir. Dairə üzrə 9 nəfər namizəd qeydə alınıb. Səsvermə prosesini izləmək üçün 7 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 47 min 504 nəfərdir. Seçkiləri 724 müşahidəçi izləyir. Seçkilərin gedişatını ATƏT-in İrlandiya və Almaniyandan olan nümayəndələrinin izləməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR