Sahibə Qafarova TBMM Sədri ilə görüşüb

Sahibə Qafarova TBMM Sədri ilə görüşüb
  • Clock-gray 14:44
  • calendar-gray 19 Oktyabr 2020

Oktyabrın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Parlamentin Spikeri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur.

Qeyd edilib ki, iki ölkə arasında mövcud olan münasibətlərdə təqdirəlayiq bir ənənə formalaşıb. Yüksək vəzifəyə seçilmiş hər iki ölkə rəsmiləri ilk səfərlərini qarşılıqlı olaraq qardaş ölkələrə edirlər. Milli Məclisin Sədri kimi ilk səfərini bu ilin sentyabrında Türkiyəyə etdiyini xatırladan Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopun başçılığı ilə nümayəndə heyətinin bu səfərinin də analoji xarakter daşıdığını və Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini söyləyib.

"Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda növbəti təxribat törədiblər. Buna cavab olaraq, Azərbaycan ordusu əks-hücuma keçərək, 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməyə başlayıb. Əməliyyatların ilk günündən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin dəstəyini hər zaman hiss edir. Hər iki ölkə prezidentləri, xarici işlər nazirləri və digər vəzifəli şəxslər arasında mütəmadi olaraq aparılan telefon danışıqları buna əyani sübutdur. Bu hadisələrlə əlaqədar TBMM-in Sədri cənab Mustafa Şentopun mənə şəxsən zəng etməsini, bu məsələyə xüsusi diqqət göstərməsini yüksək qiymətləndiririk. Öz adımdan, Milli Məclisin deputatları və xalqımız adından Türkiyə tərəfinə bu dəstəyə görə təşəkkür edirəm", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib.

Parlamentin Sədri daha sonra deyib ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən işğalçı ölkə Azərbaycanın mülki insanlarını hədəfə alır. Cəbhə xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə edilən hücumlar, Tərtər və digər rayon mərkəzlərinin ağır artilleriyadan atəşə tutulması bunun əyani göstəricisidir. Ermənistanın bu cür hərəkətləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, müharibə cinayətidir.

Spiker Azərbaycan ilə Türkiyə arasında əlaqələrin təkcə siyasi deyil, iqtisadi sahədə də sürətlə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 3 milyarda yaxınlaşıb. Qarşılıqlı investisiyaların həcminin artması ticarət dövriyyəmizin yüksəlməsinə müsbət təsir göstərir. Bu günədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Bu hüquqi sənədlər həyatın müxtəlif sahələrində əməkdaşlığımızın möhkəm hüquqi təməlini təşkil edir.

Görüşdə Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşmasında birgə fəaliyyətini vurğulayan Sədr bu cür layihələrin ölkələrimizin beynəlxalq nüfuzuna da müsbət təsir etdiyini deyib.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin mühüm rol oynadıqlarını vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsinin  əhəmiyyətini qeyd edib. Bildirilib ki, parlamentlərimiz ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq parlament təşkilatlarında da prinsipial məsələlərlə bağlı birgə mövqe nümayiş etdirirlər.

Milli Məclisin Sədri TBMM nümayəndə heyətinin ölkəmizə budəfəki səfərinin parlamentlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop dost və qardaş Azərbaycana səfərindən məmnunluğunu söyləyib. Səfərin Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini dilə gətirən türkiyəli Spiker Azərbaycan xalqına torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıb, Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Qonaq deyib ki, qardaş Türkiyə dövləti həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır və bir millət iki dövlət olaraq ölkəmizin haqq işinə dəstək verir.

Qeyd edilib ki, hələ bu ilin iyul ayında Tovuzda Ermənistanla sərhəddə baş verən toqquşmalar zamanı TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat qəbul edərək, Azərbaycanı dəstəkləmişdir.

Mustafa Şentop deyib ki, Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluğun heyfini dinc əhalidən, qocalardan, körpələrdən çıxmağa çalışır. Onların  Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən şəhər və qəsəbələrinə hücumları məhz bununla bağlıdır: "Biz işğalçı Ermənistanın bu cür hərəkətlərini qətiyyətlə pisləyirik. Bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına və onun bu cür hərəkətlərinə biganə yanaşır. Biz problemin tezliklə ədalətli həllinə inanırıq və Azərbaycanın yanındayıq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Qarabağ Azərbaycandır!".

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Firuzə Vahid

Digər xəbərlər