“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda görüş keçirilib

“Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda görüş keçirilib
# 11 fevral 2021 19:42 (UTC +04:00)

Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Siyasi dialoqun Azərbaycan modeli” adlı ilk görüş təşkil olunub.

APA-nın xəbərinə görə, ölkənin qabaqcıl ali təhsil müəssisələrinin, AMEA-nın müvafiq institutlarının rəhbər və mütəxəssislərinin iştirakı ilə keçirilmiş tədbirdə siyasi dialoqun müxtəlif təzahür formaları müzakirə edilib.

Ədalət Vəliyev ölkə rəhbərliyi adından alim və mütəxəssisləri salamlayaraq, Azərbaycanda aparılan sistemli islahatlar, o cümlədən dayanıqlı demokratik ənənələrinin formalaşmasına xidmət edən siyasi dialoq məfhumunun təşviqi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib.

Siyasi prosesləri müxtəlif aspektlərdən tədqiq edən alimlərlə açıq müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirən Administrasiya rəsmisi siyasi dialoqun təşviqində, xüsusilə ölkədə dialoq ənənələrinin formalaşmasında alim və tədqiqatçıların əvəzolunmaz rolunu vurğulayıb, siyasi dialoqun fəlsəfi, sosial, iqtisadi, tarixi və digər təzahür formalarının müəyyənləşdirilməsi istiqamətində mövcud fəaliyyətin daha effektiv olduğunu qeyd edib.

Dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun qorunması və inkişafının dövlət siyasətinin strateji vəzifəsi olduğunu bildirən Ədalət Vəliyev bu məsələdə bütün potensialların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Alim və mütəxəssislər ilə ilk görüşün məhz Vətən müharibəsində qazanılan Qələbədən sonrakı dövrə təsadüf etdiyini əlamətdar hadisə kimi qiymətləndirən Administrasiyanın şöbə müdiri Prezident İlham Əliyevin fikrini səsləndirib: “Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur”. Ölkənin inkişafında strateji resurs hesab olunan milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensialların səfərbər olunmasının vacibliyini vurğulayan Ədalət Vəliyev alimlərin bu proseslərdə xüsusi rolunu da qeyd edib.

Dialoqun Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri olduğunu yada salan natiq ölkəmizdə əsrlər ərzində formalaşmış tolerant və multikulturalizm mühitinin qorunmasının vacibliyini də qeyd edib. Kontekst inkişaf etdirilərək mövcud istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən görülmüş işlər haqqında məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra tədbirdə iştirak edənlər məruzələrlə çıxış ediblər.

Tədbirə yekun vuran Administrasiyanın rəsmisi Prezident İlham Əliyevin “Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi” fikrini səsləndirərək bildirib ki, məhz dövlətimizin başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edib.

Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi olduğunu bildirən tədbir iştirakçıları siyasi proses və tendensiyaların tədqiqinə, eləcə də demokratik dəyərlərin təşviqinə xidmət edən təşəbbüslərin icrasında elmi potensialın cəlb olunmasını yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR