Tamam Cəfərova: "Azərbaycanda önə iqtisadi tərəf yox, insan amili, sağlamlıq, vətəndaşların qayğısına qalmaq, onu qorumaq çıxır"

Tamam Cəfərova: "Azərbaycanda önə iqtisadi tərəf yox, insan amili, sağlamlıq, vətəndaşların qayğısına qalmaq, onu qorumaq çıxır"
# 16 aprel 2020 12:14 (UTC +04:00)

“Bu gün ölkəmizdə 2018-ci ilin prezident seçkilərindən sonra ölkə rəhbəri İlham Əliyevin yaratdığı islahatlar ölkəsi, başqa sözlə, ictimai rəy əsasında qurulan yeni hakimiyyət var”.

Bunu APA-ya Prezident İlham Əliyevin aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans-müşavirədəki nitqilə bağlı açıqlamasında millət vəkili Tamam Cəfərova deyib.

O bildirib ki, ölkə başçısı bütün komandası ilə çevik, operativ və preventiv şəkildə fəaliyyət göstərərək mükəmməl sinerji nümayiş etdirir, hökumət fəaliyyət planlarını gündəliyə və strategiyaya uyğun formalaşdırır, vətəndaşı tərəddüddə qoymur, sosial məsafələrin qadağan edildiyi şəraitdə onlayn rejimdə ölkə rəhbərinin iradəsi ilə idarəçilik nümunəsi ortaya qoyulur, nəhayət, bütün proses, gedişat nəzarət altında saxlanılır: “Bunu Prezident İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi. Bu gün dünyada qlobal sarsıntılara yol açan pandemik epidemiyaya qarşı bütün istiqamətlərdə mübarizə aparılır, dünyanın böyük gücləri, fikir mərkəzləri, iqtisadi və siyasi qüdrət platformaları, ümumi mənada bəşəriyyətin maddi-texniki resursları COVİD-19-la mübarizə üçün səfərbər edilib. Bu kontekstdə dünyanın böyük və güclü ölkələri heç də uğurlu qrafik cıza bilmir, pandemiya yüzlərlə, minlərlə sakinin həyatına son qoyur, ölkələrin iqtisadi maşını dayanıb, dünya fabrikinin çarxları pas atmaqdadır. Yer kürəsinin insan ayağı dəyən bütün nöqtələrini artıq təkcə koronavirus təhdid etmir, həm də tələb və təklif prinsipinin pozulması aclıq təhlükəsini indi daha çox reallaşdırır. Belə bir qlobal panoramada virusa qarşı uğursuz trayektoriya nümayiş etdirən əksər ölkələrin diqqətini təkcə xəstəliyə qarşı məğlub duruma düşmək cəlb etmir, eyni zamanda digər ölkələrin mübarizə modelini də izləyir, ən uğurlularını gec də olsa, öyrənib tətbiq edirlər. Bu sırada Azərbaycan nümunəsi xüsusi önəm kəsb edir. Mübarizəyə qarşı dünyanı səfərbər edən ÜST də Azərbaycan nümunəsini, qlobal pandemiya ilə davranış təcrübəsini, reaksiya qabiliyyətini təqdir edir, digər ölkələr üçün də hərəkət predmeti yaratdığına görə təşəkkür edir, ən üst səviyyədə, operativ və çevik əməkdaşlıq üsulunu dəstəkləyir”.

Millət vəkili qeyd edib ki, bu uğurlu yanaşma aprelin 14-də videokonfrans şəklində keçirilən müşavirədə Prezidentin nitqində də ifadə edilib: “Ölkə rəhbəri statistik məlumatlar fonunda xüsusilə ifadə edib ki, bütün dünya üçün böyük bəlaya çevrilən pandemiya fonunda Azərbaycan ilin ilk ayında ciddi inkişaf edib, məhdud imkanlara, dünyadakı əlaqələr zəncirinin qırılmasına baxmayaraq, yüksəlmə davam edib. Mart ayından tətbiq edilən karantin rejiminə görə, dünyada ölüm rəqəmləri yüz minlərə çatanda Azərbaycanda 1000 nəfər ətrafında dövr etməsi xüsusi uğur səciyyəsi daşıyır, nəhayət, xüsusi rejim bütövlükdə dünya iqtisadiyyatına ağır zərbə vurur və ona qarşı tab gətirə bilməyən dövlətlərin bəziləri artıq nəzarət rejimini dayandırmağa məcbur olduğu bir dövrdə Azərbaycanda önə iqtisadi tərəf yox, insan amili, sağlamlıq, vətəndaşların qayğısına qalmaq, onu qorumaq çıxır. Ölkə başçısının siyasi iradəsi, uzaqgörənliyi və idarəçiliyi sayəsində böyük iqtisadi potensiala və maliyyə resurslarına, ehtiyatlarına malik olan Azərbaycanın adı Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına müraciət edən 150 ölkənin siyahısında yoxdur. Prezidentin göstərişi ilə aztəminatlı şəxslərə maliyyə yardımı ayırılır və bunların sayı yüz min nəfərə qədər çatmaqdadır”

T. Cəfərova nəzərə çatdırıb ki, ölkəmizi gözləyən digər yenilik siyasi sistemin mükəmməlləşdirilməsi, iqtidar-müxalifət əməkdaşlığının genişlənməsi, ictimai və siyasi qüvvələrin idarəetmədə iştirakının genişləndirilməsi ilə bağlı səsləndirilən fikir oldu: “Ölkə başçsı Münhendə işğalçı Paşinyana verdiyi tarix dərsindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdən, ATƏT, AŞPA və digər təşkilatların ikili standartından, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşündən və iqtisadi nailiyyətlərdən, sosial paketlərdən danışması xüsusi əhəmiyyət daşıyırdı ki, bu da hazırda vətəndaş üçün pandemiya tərəddüdü dövründə böyük əminlik yaratmaya bilməz. Çıxışdakı əsas məqamlardan biri Prezidentin islahatlar tendensiyasının davam etdirilməsi ilə bağlı növbəti dəfə siyasi iradənin nümayiş etdiriləcəyini açıqlaması idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR