Ziyafət Əsgərov: “Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik”

Ziyafət Əsgərov: “Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik”
  • Clock-gray 19:54
  • calendar-gray 05 İyun 2020

“Biz Qarabağ uğrunda mübarizənin demək olar ki, artıq son mərhələsinə daxil olmuşuq. Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında bu yöndə bəyanatı da təsadüfi deyil. Dövlət başçısı bundan əvvəl məcburi köçkünlərlə görüşündə etdiyi çıxışında da anoloji məzmunda bəyanat verib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxındır ki, uzanır, amma sülh danışıqlarında konkret bir nəticə yoxdur: “Dövlət başçısı öncə irsimizə sahib çıxmağın zəruri olduğunu qeyd edir. Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı 1918-ci ildə baş verən hadisələrə bir daha münasibətini bildirdi, çünki tarixdən ibrət dərsi götürməliyik. 1918-ci ildə qədim Azərbaycan şəhəri olan İrəvan o şərtlə ermənilərə paytaxt olaraq verilmişdi ki, ermənilər Azərbaycanın başqa torpaqlarına iddia etməsinlər. Amma İrəvandan sonra ermənilərin iştahası daha da artdı. Ermənistanın hazırkı ərazisi bütövlükdə Qərbi Azərbaycan torpaqlarıdır. Qədim Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətini yaratmış ermənilər indi də işğal etdikləri Qarabağ və ətraf rayonlarda ikinci dövlət yaratmaq istəyirlər. Təbii ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Çünki ermənilər artıq bir dəfə torpaqlarımızda öz dövlətlərini yaradıblar, daha doğrusu, bu dövləti onlar üçün yaradıblar”.

Komitə sədri Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etdiyini xatırladıb: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin vacibliyi ilə bağlı Avropa strukturlarının, İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının qətnamələri, qəbul etdikləri sənədlər var. Amma çox təəssüf ki, Ermənistan indiyə qədər bu qətnamələrdə, sənədlərdə əksini tapan tələbləri yerinə yetirilməyib, hələ də torpaqlarımız işğal altındadır. Bu gün beynəlxalq hüquq işləmir, beynəlxalq hüquq güc hüququdur. Azərbaycan bu aspektdə hücum diplomatiyasına və hərbi gücünün artırılmasına diqqət yetirir, bundan sonra da bu siyasət davam edəcək. Diplomatiya arxasında güc olduqda daha çox effekt verir. Şükürlər olsun ki, Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var, çox güclü orduya malikik. Ordumuz bundan sonra da güclənəcək. Ermənistan kimi qonşusu olan bizlərin zəif olmağa haqqı yoxdur”.

Z. Əsgərov Azərbaycanın istənilən yolla torpaqlarını işğaldan azad edəcəyini vurğulayıb: “Ermənilərin həyasızlığı o səviyyəyə çatıb ki, hətta bu yaxınlarda Dağlıq Qarabağda qondarma “seçkilər” keçirdilər və özlərinə qondarma bir “prezident” seçdilər. Hətta qondarma bir inaqurasiya şousu da təşkil etdilər. Beynəlxalq təşkilatların tam əksəriyyəti bu “seçki şousu”nu qınadılar, qondarma “seçkilər”i qəbul etmədilər. Çünki nə daxili, nə də beynəlxalq hüquq baxımından bu seçkilərin heç bir əhəmiyyəti yoxdur. Amma Avropa Şurası həmişə olduğu kimi bu məsələdə də susqun qaldı. Ümumiyyətlə, Avropa Şurası həmişə Azərbaycana münasibətdə ikili standartlardan çıxış edib və bu gün də bu siyasət davam edir. Azərbaycan da, Ermənistan da Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Necə ola bilər ki, Avropa Şurasının üzvü olan Ermənistan bu qurumun üzvü olan digər ölkənin – Azərbaycanın ərazilərini işğal edir, amma Avropa Şurası buna münasibət bildirmir?"

Komitə sədri Nikol Paşinyanın hakimiyyətə gələn zaman həmin vaxta qədər Ermənistanda keçirilən bütün seçkilərin qanunsuz olduğunu bəyan etdiyini xatırladıb: “Halbuki Avropa Şurası Ermənistanda həm Robert Köçəryan, həm Serj Sərkisyanın prezident seçildiyi seçkiləri, həm də o dövrdəki parlament seçkilərini legitim saymışdı. Avropa Şurası Nikol Paşinyanla bağlı seçkiləri də legitim saydı, amma Paşinyan dedi ki, indiyə qədər keçirilən seçkilərin hamısı saxtadır. Özünə hörmət edən təşkilat hər halda bu bəyanata münasibət bildirməli idi, bildirmədi. Ona görə də Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur, kağız parçasından başqa bir şey deyil. Yeri gəlmişkən, onlar qəbul etdikləri sənədlərin icrası ilə də maraqlanmırlar”.

Z. Əsgərov qeyd edib ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və başqaları Ermənistana qarşı" işi ilə bağlı qərar qəbul edib: “Ancaq bu məhkəmənin qərarı icra edilməyib və Avropa Şurası bununla bağlı münasibətini də ortaya qoymayıb. O cümlədən Avropa Şurası Parlament Assambleyasında 2005-ci ildə "ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə" adlı 1416 (2005) saylı qətnamə qəbul edilib. Bu sənəddən irəli gələrək, yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt-komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv yanaşması ilə fəaliyyətini dayandırmışdır. Bu xüsusda, AŞPA tərəfindən qeyd edilən qətnamənin icrası istiqamətində qətiyyətin və Ermənistanın sərgilədiyi bu mövqeyə görə sərt qınanmasının şahidi olmamışıq. Azərbaycanda məişət zəminində baş vermiş ürək getməsinə belə reaksiya verən AŞPA nəyə görə öz qərarına Ermənistan tərəfindən məhəl qoyulmamasına reaksiya vermir? Sadəcə, Avropa Şurası Azərbaycan və Ermənistan arasında bir balans yaratmaq, özünü “heç kim inciməsin” prinsipi ilə aparması doğru deyil. Avropa Şurasından bu günə qədər “Ermənistan işğalçıdır” sözünü eşitmədik. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası çox yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. İşğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq edilmir”.

Komitə sədri Ermənistanın hazırkı rəhbərliyinin də danışıqlarda imitasiya ilə məşğul olduğunu vurğulayıb: “Çox təəssüf ki, sadəcə, danışıqlar xatirinə danışıqlar aparırlar. Ermənistan rəhbərliyi yalnız status-kvonu saxlamaq, bununla da məsələni uzatmaq istəyirlər. Ancaq biz buna dözə bilmərik. Ona görə də biz istənilən yolla münaqişənin həllini yaxınlaşdırmalıyıq və inşaallah, yaxınlaşdıracağıq”.

Z. Əsgərov erməni tarixçisi Qevorq Aslanın 1914-cü ildə “Ermənistan və ermənilər” kitabını yazdığını xatırladıb: “Qevorq Aslan yazır ki, ermənilərin heç zaman öz dövləti olmayıb, ona görə də ermənilərdə vətən hissi və vətənpərvərlik yoxdur, ermənilər üçün vətən yalnız coğrafiya anlayışıdır. Yəni, erməni tarixçisi etiraf edir ki, nəinki Qafqazda, başqa yerdə də ermənilərin öz dövlətləri olmayıb. Türkmənçay və Gülüstan müqavilələrindən sonra ermənilər 19-cu əsrin əvvəlində İran və Anadoludan İrəvana, Dağlıq Qarabağa və digər Azərbaycan torpaqlarına  köçürülüblər. Ermənilərin dövlət yaratmaq istəyirdilər və çox təəssüf ki, bu süni dövləti də qədim Qərbi Azərbaycan torpaqlarına yaratdılar. Nəticədə də əziyyətini də biz çəkirik. Ermənilərin riyakarlığı, ikiüzlülüyü sərhəd bilmir və faşist mahiyyətlərini davam etdirir. Ermənistanda hakimiyyət dəyişsə də, bu dövlətin terrorçu mahiyyəti dəyişməyib. Ermənilərin bir şairi Egisi Çares deyir ki, bizdə riyakarlıq və ikiüzlülük ana bətnində baş verir. Bu, erməni şairinin öz xalqı, qəbiləsi barədə fikridir. İndi ermənilərin başında duran Baş Naziri də riyakarlığın, ikiüzlülüyün və digər mənfi keyfiyyətlərin daşıyıcısıdır. Belə birisi də həqiqi danışıqlar aparmaq gücündə deyil. Ona görə də ermənilər həmişə hiss etməlidirlər ki, Azərbaycanın güclü ordusu var. O ordu bir gün torpaqlarını işğaldan azad edəcək. İqtisadiyyatımız, ordumuz nə qədər güclənəcəksə, torpaqlarımızın işğaldan azad ediləcəyi gün o qədər yaxınlaşacaq”.

 

Ramiz Mikayıloğlu

Digər xəbərlər