Aİ: Yeni qurulan Avropa Komissiyasında gender bərabərliyi təmin olunub - FOTO

Aİ: Yeni qurulan Avropa Komissiyasında gender bərabərliyi təmin olunub - FOTO
  • Clock-gray 12:40
  • calendar-gray 22 Noyabr 2019

“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bələdiyyələrin uğurlu fəaliyyət göstərməsi üçün qadınların orada təmsil olunması vacibdir.

Onun sözlərinə görə, Azərbaycan bələdiyyələrində təmsil olunan qadınların sayı artmaqdır.

Dövlət Komitənin sədr müavini deyib ki, ölkədə gender bərabərliyinin təmin olunması istiqamətində hüquqi baza yaradılıb və bu baza daha da güclənir.

S. Qəhrəmanova məişət zorakılığının cəmiyyətə sağalmaz yaralar vurduğunu da qeyd edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri Simona Qatti bildirib ki, Aİ Azərbaycan hökuməti ilə birgə bölgələrdə qadınların iqtisadi azadlığının təmin olunmasına şərait yaradan layihələr həyata keçirir.

O qadınların siyasi aktivliyinin çox önəmli olduğunu vurğulayıb: “Siyasi müstəvidə qadınların səsinin eşidilməsi vacibdir və bununla bağlı Azərbaycan hökumətinin fəaliyyətini yüksək qiymətləndiririk”.

S. Qatti “Şərq Tərəfdaşlığı”na üzv ölkələrdə qadınların siyasi çevrədə daha az təmsil olunduğuna diqqət çəkərək dünyanın bu problemdən əziyyət çəkdiyini və bu istiqamətdə birgə işlərin görülməsinin vacibliyini qeyd edib.

Aİ rəsmisi qeyd edib ki, yeni qurulan Avropa Komissiyasında gender bərabərliyinin təmin olunması yaxşı bir nümunədir: “Avropa Komissiyasında 50-50 kvotası təmin olunub. Ursula von der Leyen, Kristin Laqard və Kristalina Georgiyeva Aİ-nin ali institutlarına rəhbər seçiliblər”.

O Azərbaycanda gender bərabərliyi sahəsində bir sıra problemin olduğunu diqqətə çatdırıb. S. Qatti qeyd edib ki, hesabatlarda qadınların əmək bazarına girişində problemlərin olduğunu deyib: “Bu istiqamətdə Azərbaycan hökumətinin islahatlarını və yol xəritəsini dəstəkləyirik”.

S.Qatti Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkilərində qadınların uğurla təmsil olunacağına inandığını deyib. 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsinin müavini Çaru Bist bildirib ki, qərarvermə prosesində qadınların iştirakının artması çox vacibdir.

Ç. Bist BMTİP və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında uzunmüddətli əlaqələrin və səmərəli əməkdaşlığın olduğunu qeyd edərək bundan sonra da Komitənin təşəbbüs və layihələrini dəstəkləyəcəklərini deyib. 

Tədbir çıxışlarla başa çatıb.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date