Deputat: "Vəkillər Kollegiyasına qəbul imtahanlarında keçid balı 60-dan 50-yə endirilməlidir"

Deputat: "Vəkillər Kollegiyasına qəbul imtahanlarında keçid balı 60-dan 50-yə endirilməlidir"
# 01 fevral 2018 10:35 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasına üzvlüklə bağlı qəbul imtahanlarına dair təkliflə çıxış edib.

APA-nın məlumatına görə, deputat bildirib ki, hazırda Azərbaycanda hər 100 nəfərə 8 vəkil düşür, bu çox azdır.

O qeyd edib ki, Avropa ölkələrində vəkillərin sayı bizdən 40-45 dəfə çoxdur: "Vəkillər Kollegiyasına üzvlüklə bağlı 2 minə qədər müraciət olmuşdu, çox təəssüf ki, cəmi 600 nəfər keçid balı topladı. Yaz sessiyasında vəkillərlə bağlı yeni qanunun qəbul olunması zəruridir.

Təklif edirəm ki, imtahanlarda keçid balı 60 baldan 50-yə endirilsin. Bu halda xeyli sayda yeni üzv Vəkillər Kollegiyasına seçilə bilər. Bizim elə rayonlar var ki, orada 1 hakim var, amma vəkil yoxdur. Vətəndaş hüquqları bizi ciddi şəkildə düşündürməlidir. Biz elə etməliyik ki, hər rayonda heç olmasa 3 hakim, 4-5 vəkil olsun. Hətta bu müraciət edənlərin hamısı belə, Kollegiyaya üzv olunsaydı belə, yenə də biz Avropa ölkələrindən 20 dəfə geri qalacaqdıq. Ona görə də burada radikal qərarlar qəbul etmək lazımdır”.

Q. Həsənquliyev həmkarı Siyavuş Novruzovun amnistiya verilməsi təklifini dəstəkləyib.

Bildirib ki, həm Heydər Əliyevin 95 illiyi, həm də Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə amnistiyanın verilməsi çox yaxşı olardı: “Həmçinin bu il mərhum prezident Əbülfəz Elçibəyin 80 illik yubileyidir. Mən də o fikirdəyəm ki, geniş amnistiya vermək bizim milli maraqlarımız baxımından çox vacibdir. Xüsusilə ağır cinayətlər törətmiş şəxslər istisna olmaqla, digərlərinə amnistiya tətbiq oluna bilər. Amma bu, o demək deyil ki, həmin şəxslər hamısı azadlığa buraxılmalıdır. Həmin şəxslərin cəzaları yüngülləşdirilə bilər”.

Birinci vitse-spiker Ziyafət Əsgərov isə deputatın dediklərinə cavab olaraq bildirib ki hakimlərin sayı ilə bağlı problem var: “Sizinlə razıyam, həqiqətən də bu sahədə Avropa ölkələrindən geridəyik. Amma keçid balını 60 balı 50 bala endirsək, sabah deyəcəklər ki, 50 balı da 40-a endirin. Xalqa keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 bal toplaya bilmirsə, bu, qeyri-ciddi məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR