Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub

Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub
# 21 oktyabr 2022 12:10 (UTC +04:00)

Sidney şəhərində Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, Azərbaycanın və Avstraliyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda canlarından keçmiş şəhidlərimizin, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2021-ci il üzrə DİDK-nın göstərdiyi fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə geniş videohesabatla çıxış edib. Azərbaycanlıların Koordinasiya Şurası formatının diaspor quruculuğunda özünü doğrultduğuna diqqəti cəlb edib.

Ölkəmizin Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Qurbanov çıxış edərək, soydaşlarımızı erməni diasporunun Azərbaycan həqiqətlərini təhrif olunmuş şəkildə Avstraliya ictimaiyyətinə çatdırmasının qarşısının alınması istiqamətində fəal iştirak etməyə dəvət edib.

Toplantıda Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis olunması barəqə qərar qəbul edilib. Avstraliya-Azərbaycan Türk Dostluq Birliyinin sədri İmaməddin Qasımov, Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Elxan Məmmədov və Viktoriya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Rauf Şükürov Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiriciləri seçiliblər.

Bundan başqa, Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının zoom vasitəsilə seçilən Sinqapur, Malayziya, İndoneziya və Yeni Zelandiya üzrə əlaqələndiriciləri də təsdiqlənib.

Tədbir Avstraliyadakı diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yollarına dair interaktiv müzakirələrin aparılması ilə davam edib.

Tədbirin bədii hissəsində Brisben şəhərində yaşayan avstraliyalı musiqiçi Con Varninin tarda ifasında Azərbaycanın “Sarı gəlin”, “Aman ovçu” və Bəri bax” xalq mahnıları səsləndirilib. Avstraliyada yaşayan milli geyimli azərbaycanlı uşaqların ifasında xalqımızın həmrəylik və birlik rəmzi olan “Yallı” rəqsi təqdim olunub.

Qeyd edək ki, bununla da dünyanın 36 ölkəsini əhatə edən Azərbaycanlıların Koordinasiya şuralarının sayı 15-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR