Deputat: “Şuşada keçirilən Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir”

Naqif Həmzəyev

© APA | Naqif Həmzəyev

# 23 aprel 2022 15:37 (UTC +04:00)

“44 günlük Vətən müharibəsindən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və böyük rəmzi mənası var”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, qurultayda dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas hədəf tarixi Zəfərin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır: “Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun müharibə dövründə, müharibədən əvvəl və müharibədən sonrakı dövr ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atdığı addımlara, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlərə nəzər yetirdi. Dövlət başçısı tərəfindən Azərbaycan həqiqətlərini, postmünaqişə dövrünün reallıqlarını dünya ictimaiyyətinə daha yaxşı çatdırmaq üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar etdi və bu istiqamətdə onlar qarşısında konkret vəzifələr qoydu. Prezident İlham Əliyevin də dediyi kimi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların imkanları daha genişdir”.

Naqif Həmzəyev diqqətə çatdırıb ki, dövlət başçısının dediyi kimi, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar öz ana Vətənləri ilə əlaqələri qoruyub saxlamalı, öz mədəniyyətlərinə bağlı olmalıdırlar: “Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR