San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib

San-Pauluda Ermənistana qarşı etiraz aksiyası keçirilib
# 10 iyun 2021 11:40 (UTC +04:00)

Braziliyanın San-Paulu şəhərində yaşayan ictimai fəal Andreia Hirominin təşəbbüsü ilə Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, aksiyanın məqsədi Ermənistanın mina xəritələrini Azərbaycan dövlətinə təhvil verməkdən imtina etməsinə, Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycan və Braziliyanın dövlət bayraqları ilə aksiyaya qatılan bir qrup San-Paulu sakini azərbaycanlı jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. A.Hiromi bildirib ki, mina xəritələrini təqdim etməsi barədə Azərbaycanın israrlı tələblərinə Ermənistan məhəl qoymur. Aksiya iştirakçıları braziliyalıların Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərini bəyan ediblər.

Eyni zamanda Azərbaycana sevgisi ilə fərqlənən A.Hiromi və dostları terrorçu dövlət olan Ermənistanın yolverilməz davranışına etirazı əks etdirən posterlərin San-Paulu şəhərinin ictimai yerlərində, o cümlədən Ermənistan konsulluğu qarşısında yerləşdirilməsi kampaniyasını gerçəkləşdiriblər. Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR