Polşanın Sosial Siyasət nazirliyində azərbaycanlılarla görüş keçirilib

Polşanın Sosial Siyasət nazirliyində azərbaycanlılarla görüş keçirilib
# 07 may 2018 17:58 (UTC +04:00)

Varşavada Polşanın Sosial Siyasət Nazirliyində Avropa Azərbaycanlıları Konqresi (AAK) və Polşada Azərbaycanlı Gəncləri Şurasının (PAGŞ) təşkilatçılığı ilə qitənin müxtəlif ölkələrindən gələn azərbaycanlılarla görüş keçirilib.

APA-nın məlumatına görə, nazirliyin Miqrasiya Departamentinin rəhbəri Maqdalina Sveklej ilə görüşdə AAK prezidenti Sahil Qasımov, PAGŞ sədri Nail Əhməd, AAK vitse prezidentləri - Alman-Azərbaycan Mədəniyyəti cəmiyyətinin sədri Yaşar Niftəliyev, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, AAK üzvləri - Finlandiya-Azərbaycan Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Muradlı, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, İsveçrədə Azərbaycanın Dostları Birliyinin sədri Arzu Əliyeva iştirak ediblər.

S. Qasımov görüşdə AAK, ümumiyyətlə Avropada azərbaycanlıların fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, son bir ildə AAK-ın rəhbərliyi ilə Avropada yaşayan azərbaycanlılar yeni layihələrə start veriblər. S. Qasımovun sözlərinə görə, Polşa da burada diqqət mərkəzindədir.

M. Sveklej isə Polşaya gələn azərbaycanlıların sayını və fəaliyyət sahələrini açıqlayıb: “Son 1 ildə Polşa tərəfindən 1000 nəfər Azərbaycan vətəndaşına işçi vizası verilib. Əgər əvvəllər Azərbaycandan Polşaya fiziki işçi qüvvəsi gəlirdisə, artıq son vaxtlar informasiya texnologiyaları mütəxəssislərinin gəlişi üstünlük təşkil edir. Texnoloji sahədə azərbaycanlılar fəaldırlar”.

Nazirlik rəsmisi Polşadan Azərbaycana gələn turistlərin sayının artdığını da bildirib. O qeyd edib ki, buna səbəb Azərbaycanın tətbiq etdiyi elektron viza sistemi olub.

S. Qasımov Azərbaycanın işğal olunmuş torpaqlarından, Ermənistanın təcavüzü nəticəsində 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsindən və bunun nəticəsində bir milyondan çox qaçqının öz yurdlarından didərgin düşməsindən danışıb.

Görüşdə M. Sveklejə ermənilər tərəfindən törədilən Xocalı soyqırımından bəhs edən video və çap materialları təqdim olunub.

R. Tağıyev isə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafında diasporun fəaliyyətindən danışaraq bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında diaspor əsas rol oynayır: “Eyni mexanizm Polşada da ola bilər. Bizim burada əsasən gənclərin üstünlük təşkil etdiyi fəal icmamız var. Səhmdarların ölkəyə cəlb edilməsində onların rolundan yararlanmaq olar”.

M. Sveklej isə bildirib ki, bu uğurlu təklifdir və təmsil etdiyi qurum buna baxa bilər.

N. Əhməd isə Polşadakı Azərbaycan diasporunun fəaliyyətindən və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən danışıb. O, 100 il əvvəl AXC qurucularının bir qisminin Polşaya mühacirət etdiyini xatırladaraq bildirib ki, bu ölkədə azərbaycanlıların fəaliyyəti ən azı bir əsr əvvələ söykənir. O bildirib ki, son illər ölkədə azərbaycanlıların fəaliyyəti genişlənir: “Son illər xüsusilə də bura təhsil almağa gələn azərbaycanlı tələbələrin təşkilatlanmasında sürətlənmə var. Əsasən texnoloji sahədə cəmləşən azərbaycanlı gənclərin Polşada texnoloji və digər sahələrdə maraqlı təklifləri var, hökumət bundan yararlana bilər”.

Görüş qarşılıqlı təkliflərin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR