Bakıda İslam mədəniyyətində birgəyaşayışa dair beynəlxalq simpozium keçirilir - FOTO

İslam mədəniyyətində birgəyaşayışa dair beynəlxalq simpozium

© APA | İslam mədəniyyətində birgəyaşayışa dair beynəlxalq simpozium

# 20 sentyabr 2022 12:06 (UTC +04:00)

Bu gün Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium öz işinə başlayıb.

APA xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF), Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tədqiqat Mərkəzinin birgə təşkil etdikləri beynəlxalq simpoziumda öncə ərazi bütövlüyümüzün qorunması uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra torpaqlarımızın qorunması uğrunda şəhid olanların ruhlarına hörmət əlaməti olaraq, Aİİ-nin tələbəsi Əmrah Eminovun təqdimatında Quran tilavəti səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov müasir dünyada birgəyaşayış çərçivəsində ortaya çıxan böyük problemlərin əsas amillərindən birinin milli, irqi və dini müstəvidə artan ayrı-seçkilik olduğunu nəzərə çatdırıb. Bildirib ki, etiqadi və məzhəb zəminində baş verən ayrı-seçkilik və münaqişələr elm və irfandan uzaq olan bəzi dini qrupları müsəlman dünyasına yönəldilmiş planların könüllü iştirakçılarına çevirir: “Bütün bunlar bizi İslam Şərqində və mədəniyyətində birgəyaşayış ənənəsini, tarixi təcrübələri, Həzrət Məhəmmədin həyat fəlsəfəsinə bağlı prinsipləri yenidən gözdən keçirib təhlil etməyə, İslam mədəniyyətinin şifrələrini və bu mədəniyyətin müqəddəs mətnlərini doğru oxumağa sövq edir”.

Simpoziumun İslam mədəniyyətində birgəyaşayış təcrübəsinin tədqiqinə öz töhfəsini verəcəyindən əmin olduğunu vurğulayan Aİİ rektoru tədbirin işinə uğurlar arzulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov İslamın əsas qaynaqlarından nümunələr gətirərək birgəyaşayış məsələsinə toxunub. Bildirib ki, sonrakı dövrlərdə, xüsusən də son bir neçə əsrdə qərb mədəniyyətinin hakim mədəniyyətə çevrilməsi, İslam mədəniyyətinin bu böyük ənənə və təcrübəsinə kölgə salıb, əvəzində dinimizin və mədəniyyətimizin adı terror, ekstremizm, radikalizm və s. qavramlarla birgə anılmağa başlanılıb.

Mehman İsmayılov vurğulayıb ki, bu böyük mirası dünya ictimaiyyətinə təqdim və təbliğ etmədə çox aktiv olmalıyıq: “İslam mədəniyyətinin bir parçası olan Azərbaycan da keçmişdən bu günə çox zəngin birgəyaşayış ənənələrinə sahibdir və dövlətimiz bu sahəyə bu gün də böyük diqqət göstərir. Etnik, mədəni, dini, məzhəb və s. cəhətdən müxtəlifliyin olduğu ölkəmizdəki birgəyaşayış mühiti bəşəriyyətin birgəyaşayışına öz töhfəsini verir. Bu mühit sadəcə qanunlara deyil, həm də kökləri dərində olan böyük mirasa söykənir”.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten qeyd edib ki, İslam mədəni mühitinin birgəyaşayışla bağlı bir çox dəyərə və zəngin tarixi təcrübələrə sahib olduğunun şahidləriyik. Mevlüt Erten qloballaşma dövründə ksenofobiyanın mədəniyyətlər və dinlər arasında dialoqun inkişafına ciddi təhdid olduğunu vurğulayaraq bildirib ki, bu meyl dünyada sülhün və sabitliyin pozulmasında maraqlı olan radikal, terrorçu qüvvələr tərəfindən dəstəklənir. Bu təhdidin qarşısını almaq üçün tolerantlığın, dialoqun, əməkdaşlığın və həmrəyliyin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Azərbaycanın rolu xüsusi vurğulanmalıdır.

Mevlüt Erten “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçirilən beynəlxalq simpoziumun təşkilatçısı olmaqdan xüsusi qürur duyduğunu nəzərə çatdırıb, gələn il Türkiyədə keçirilməsini təklif edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı çıxışında bildirib ki, bu gün dünya əhalisinin 25 faizi və planetimizin torpaq sahəsinin 19 faizi islam coğrafiyasının payına düşür: “Hazırda 120 ölkədə islam ümməti var. İslam dini, islam mədəniyyəti dünyadakı proseslərə böyük təsir edir. Azərbaycan da islam dininin geniş yayıldığı ölkələrdəndir və digər dinlərə münasibətə baxdıqda ölkəmizin dünya üçün birgəyaşayış nümunəsi olduğunu qeyd edə bilərik”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev isə qeyd edib ki, dinimiz təkcə müsəlmanlara qayğı göstərməyi buyurmur: “Yanında köməyə ehtiyacı olan digər dinə mənsub şəxslər, hətta dinsiz şəxslər belə varsa, onlara yardım etməyi əmr edir. Birgəyaşayış, dinlərarası qardaşlıq, dostluq məhz bu əməllər üzərində qurulur, formalaşır. Əl-Bəqərə surəsində qeyd edilir ki, dində məcburiyyət yoxdur. Yəni, ayinləri kiməsə məcburi surətdə qəbul etdirmək olmaz. İslamda həmçinin digər dinlərə mənsub şəxslərin ibadət yerlərinə də hörmətlə yanaşmaq buyurulur. Belə dəyərlər təkcə insanlar arasında deyil, eyni zamanda dövlətlərarası münasibətlərin də tənzimlənməsində böyük rol oynayır”.

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, birgəyaşayış sağlam ictimai münasibətlər mühitinin formalaşması, fərdi və sosial planda təhlükəsizliyin təmin olunması üçün əvəzedilməz dəyərdir: “Təsadüfi deyil ki, birgəyaşayış demokratik və multikultural cəmiyyətimizin əsas dəyərlərindən biri kimi, ölkəmiz üçün də əhəmiyyəti gedərək artan məsələlərdəndir”.

İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universitetinin rektoru, professor Məhəmməd əl-Şəhhat əl-Cindi, Müsəlman İnstitutunun sədri Sahibzada Sultan Ahmed Ali, Bolqar İslam Akademiyası rektorunun köməkçisi Rustem Gilmutdinov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin aparıcı məsləhətçisi Araz Qurbanov çıxış edərək bildiriblər ki, “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium İslam mədəniyyəti kontekstində müsəlman aləmində birgəyaşayışla əlaqədar tarixi təcrübə və nümunələri araşdıraraq gələcək nəsillərin doğru istiqamətdə addımlamasına öz töhfəsini verəcək.

Qeyd edək ki, simpoziumun keçirilməsində məqsəd – İslam mədəniyyəti kontekstində fərqli din nümayəndələrinin birgəyaşayışı ilə bağlı vəziyyəti müzakirə etmək, müsəlman cəmiyyətləri arasında bu istiqamətdə mövcud təcrübələrdən yararlanmaq və onları təşviq etmək, müvafiq sahə üzrə mütəxəssis və araşdırmaçıların verdikləri töhfələri üzə çıxarmaq, qorumaq və gələcək nəsillərə ötürmək; həmin istiqamətdə elmi, siyasi, ictimai və fərdi tədqiqatların artırılmasına zəmin yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR