Dövlət Komitəsi: Dini mövqedən Azərbaycana təhdidlər bir an belə səngimir

Səyavuş Heydərov

© APA | Səyavuş Heydərov

# 14 noyabr 2022 13:02 (UTC +04:00)

“Yaxın Şərqdə baş verən proseslərə nəzər saldıqda görürük ki, həmin bölgədə dini təhlükəsizlik məsələləri zamanında həll edilsəydi, əlbəttə biz orada başqa mənzərəni görə bilərdik”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, məzhəbçilik zəminində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələnib: “Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdir. Azərbaycan da bu təhdidlərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönləndirilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zaman önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq”.

Dövlət Komitəsi sədrinin müavini qeyd edib ki, ümumiyyətlə Azərbaycanın din siyasətinin qarşısında iki başlıca vəzifə durur: “Birinci, dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də, bütün dini konfessiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət, dini təhlükəsizliyin təminatıdır. Bu iki məsələ bir-birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa, digərinə də təsir göstərir. Ona görə dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR